Xəbər lenti

Azərbaycan deputatı coşdu, yenə qarğış etdi
Ölkə05:24 06.06.2014

Azərbaycan deputatı coşdu, yenə qarğış etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əliağa Hüseynov “Əgər kiməsə qarğış etmişəmsə, balasının başına gəlsin” dedi; aznews.az-ın baş redaktoru: “Jurnalistə qarşı təhqir, hədə görmüşdük, qarğış yox, bunu da gördük”

“Neçə gündür ki, bütün saytlar, qəzetlər mənim haqqımda yalan informasiya yazırlar. Əvvəl başladılar ki, guya mən xəstəyəm. Dəfələrlə demişəm ki, mən xəstə deyiləm. Mənim barəmdə yalan yazmaqda davam etdilər. Ayıbdır vallah, belə olmaz”. Bunu modern.az saytına açıqlamasında deputat, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov deyib.

Daha sonra o, haqqında səslənən qarğış məsələsinə də aydınlıq gətirib. “Mən heç kimə qarğış etməmişəm. Mənə zəng vurublar, demişəm xəstə deyiləm, sağ-salamatam. Jurnalistlərə cavab vermək qarğış etməkdir bəyəm? Jurnalistlər bütün sözlərimi təhrif ediblər. Əgər mən kiməsə qarğış etmişəmsə, balasının başına gəlsin. Heç bir mətbuat nümayəndəsi məni narahat etməsin. Məni rahat buraxın!”

Ə.Hüseynov bir neçə gün öncə aznews.az-a açıqlamasında deyib ki, səhhətində yaranmış problemlərə görə müayinə olunmaq üçün Türkiyəyə gedib və 20 gün qardaş ölkədə qalacaq.

Deputat teleqraf.com-a açıqlamasında isə bildirib ki, səhhəti ilə bağlı yazılanlar uydurmadır. O, haqqında yalan yazanlara qarğış edib: “Allah onu yazanın anasını xəstələndirsin. Bu adamlar televiziyaya, Milli Məclisin sessiyalarına baxmırlar? Mənə nə olub? Sağlam adamam. Heç bir yerim ağrımır”.

Ötən gün qarğış məsələsinə aydınlaşdırmaq üçün deputatla əlaqə saxlamağa cəhd etsək də, telefonunu qapatmışdı. Onun xəstələnməsi xəbərini yazan və deputatın qarğışı ilə üzləşən aznews.az saytının məsələyə münasibətini öyrəndik. Saytın baş redaktoru Elçin Zahiroğlu “Yeni Müsavat”a bildirib ki, Ə.Hüseynovla redaksiyanın normal münasibətləri var: “Müxbirlərimiz həftədə bir-iki dəfə ondan müxtəlif mövzularla bağlı rəylər öyrənirlər, üstəlik, sözügedən xəbəri yazan müxbirin də deputatla əlaqəsi yaxşıdır. Bizim ona həmişə hörmətimiz olub. Həmin açıqlamanı alanda müxbirin yanındakı digər əməkdaş da Əliağa müəllimin dediyini eşidib. Əlağa Hüseynov Türkiyədə xəstəxanada müalicə olunduğunu deyib. Müxbir onun səsini yazanda diktofonun batareyası zəif olub, nə dediyini dəqiq başa düşməyib. Yenidən Əliağa müəllimlə əlaqə saxlayıb və təsdiqləyib ki, həqiqətən Türkiyədə xəstəxanadadır. Xəbər saytda çıxandan sonra zəng edib, öz dediyini təkzib eləyib. Deyib ki, xəstəxanaya yaxın adamını gətirib. Əslində bu məsələ mahiyyətcə böyük iş deyil. Sadəcə, Əliağa müəllim öz dediyini bir-birinin ardınca təkzib edir”.

E.Zahiroğlunun sözlərinə görə, deputatın qarğış etməsi onları təəccübləndirib: “İndi başqa bir saytda açıqlama verib ki, qarğış etməyib. Ağsaqqal adamdır deyə məsələni şişirtmədik, çox uzatmaq istəmədik. Ancaq qarğış etməsi mənə qəribə gəldi ki, deputatda yəqin bir problem var.

Nəzərə alsaq ki, o həm də hərbçidir, belə bir adamın jurnalistin anasına qarğış etməsi nə dərəcədə düzgündür, bilmirəm. Görünür, məmurların jurnalistlərə qarğış etməsi münasibətin yeni bir formasıdır. Biz təhqir, hədə görmüşdük, qarğış yox. Bunu da gördük. Amma ümid edirəm ki, məmurların jurnalistlərə qarğış etməsi ənənə şəklini almayacaq".

Qaynar.info