Azərbaycan diplomatları öz "Facebook" hesablarını bağlamağa başlayıblar. Məlumatalara görə, Xarici İşlər Nazirliyinin göstərişinə əsasən xarici ölkələrdəki səfirlər və səfirliklərimizin digər əməkdaşları öz "Facebook" hesablarını bağlamalı olublar.
Konkret olaraq Pakistanda səfirimiz Daşqın Şikarov "Facebook" profilini bağladığını gizlətməyib və qərarını belə izah edib: “Ölkəmizlə bağlı əlamətdar hadisələr, həmçinin Ermənistanın torpaqlarımızı işğal etməsi faktı, Xocalı soyqırımı və bu kimi digər məslələri işıqlandırmaq məqsədilə 2009-cu ildən "Facebook"da şəxsi profil səhifəsi açmışam. Yuxarıda qeyd edilən məsələlərin sosial şəbəkələrdə yayılması və daha geniş təbliğ olunması məqsədilə "Facebook"da göndərilən bütün dostluq təkliflərini qəbul etmişəm. Təəssüflər olsun ki, qəbul etdiyim dostların bəziləri zaman-zaman məni müxtəlif xöşagəlməz rəsmlərə tağ ediblər, “inboks”a arzuolunmaz mesajlar göndəriblər. Son vaxtlar isə bu kimi hadisələr daha da intensivləşib və bu səbəbdən də 10.05.2015-ci il tarixindən etibarən "Facebook" səhifəmi bağlamaq qərarına gəldim".
Azadliq.info diplomatların öz "Facebook" hesablarını bağlaması ilə əlaqədar xəbərin dəqiqliyini yoxlamaq üçün kiçik araşdırma aparıb. Nəticə etibarilə "Facebook" axtarış sistemində bir sıra Avropa ölkələrindəki Azərbaycan səfirlərinin hesabına rast gəlinməyib.
Virtualaz.org xatırladır ki, İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanındakı səfiri Arif Məmmədov bir müddət öncə "Facebook" sosial şəbəkəsində müxalif statuslarla çıxış etmiş və onun həmin statusları, artıq vəzifədən çıxarılmış bir neçə diplomat tərəfindən bəyənilmişdi.
Qaynar.info