"Ümid edək ki, Azərbaycan əhalisinin sayı belə kəskin azalmayacaq və insan resurslarımız tükənməyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim, sabiq millət vəkili Nazim Bəydəmirli BMT-nin əsrin sonuna Azərbaycan Respublikasının əhalisinin 9% azalacağına dair proqnozlarına aydınlıq gətirərkən deyib. Ekspert hesab edir ki, verilmiş proqnoz daha çox ölkənin gələcəyinin yaxşı olmamasından xəbər verir:
"20-ci əsrin son 50 illiyində, eyni zamanda 21-ci əsrin əvvəllərində sənaye üsulu ilə inkişaf etmiş ölkələrdə ailə planlaşdırılması daha məntiqli aparılır. Bu ölkələrdə təbii artımın azalması qəbul olunandır ki, ailələr əvvəlki illərdə olduğu kimi çoxuşaqlı deyil, bir və iki övlad sahibi olmağa daha çox üstünlük verirlər. Bu tendensiya Azərbaycanda 1990-ci ildən bəri daha çox liberal bazar iqtisadiyyatı dəyərləri ilə tanış olduqdan sonra əhali artıq planlaşdırmağa üstünlük verir. Bunun müxtəlif yolları və metodları var. Ona görə buna normal yanaşmaq olardı”.
Nazim Bəydəmirli qeyd edib ki, neft, qaz amili bitdikdən sonra Azərbaycandan xaricə və digər ölkələrə köçənlərin sayında ciddi artım olacağı proqnozlaşdırılır:
"Bu mənada BMT-nin açıqladığı rəqəmlər həqiqətə uyğundur və belə araşdırmalar təbii, insani, coğrafi faktorla üst-üstə düşür. Məni narahat edən əsas məqamlardan biri odur ki, hökumətin sosial siyasəti insanların həyat şəraitinə müsbət təsir etmir. Ona görə bu, bir həyacan təbilidir. Təbii ki, proqnozların həyata keçmə ehtimalı yüksək olsa da, bəzən proqnozların doğrulmadığının da müşahidə edirik”.
Ekspert vurğulayıb ki, yerləşdiyimiz coğrafi şərait, eyni zamanda inkişaf prespektivlərimiz təbii resurslara arxalanaraq aparılan yarımçıq iqtisadi siyasət fəsadları daha da artıra bilər:
"Hesab edək ki, bu, bir həyəcan təbilidir. Azərbaycan hökuməti demoqrafik problemlərinə ciddi yanaşmalıdır və ailə stimullaşdırılmasında önəmli rola malik olmalıdır. Bu baxımdan uşaq pulu çox vacibdir və ona diqqət yetirilməlidir. Yaxın illər ərzində bu institut böyük ehtimalla işə salınmalı və hər kəsi əhatə etməlidir”.
Qeyd edək ki, BMT-nin proqnozlarına görə, əsrin sonuna qədər Azərbaycan Respublikasının əhalisi 9% azalacaq.
Bahar Rüstəmli