Xəbər lenti

Azərbaycan-Ermənistan sülh müqaviləsi - Tramp üçün qızıl imkan?
Siyasət 14:53 16.01.2025

Azərbaycan-Ermənistan sülh müqaviləsi - Tramp üçün qızıl imkan?

"Tramp bu imkandan istifadə etmək üçün ilk növbədə Azərbaycanın haqlı tələblərini nəzərə alaraq addım atmalıdır".

Qaynarinfo-ya açıqlamasında bunu politoloq Azər Qasımov Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına nail olmağın Tramp üçün qızıl imkan olacağı barədə "The Wall Street Journal"ın yazdığını şərh edərkən deyib.

"Azərbaycan və Ermənistan arasındakı münaqişənin bitməsi və bunda kiminsə rolunun olması məsələsi təbii ki, bütün tərəflər üçün uğur hesab ediləcək. Trampın bütün müharibələri bitirmək istəyi reallaşarsa, Azərbaycan-Ermənistan münaqişəsinin də sülhlə nəticələnməsi ehtimalı böyükdür", deyə Azər Qasımov bildirib.
 


Həmsöhbətimiz deyir ki, yeni ABŞ prezidentinin bu istiqamətdə səy göstərəcəyi birmənalıdır: 

"Sülh müqaviləsinin bağlanmasına səbəb olmaq əslində çox böyük nailiyyətdir. Azərbaycan və Ermənistan sülh üçün səmimi addımlar atmalıdır. Bu niyyət səmimi olmasa, kimin vasitəçilik etməsindən asılı olmayaraq, təbii ki, heç bir nəticə əldə olunmayacaq. ABŞ nəşrinin qeyd etdiyi fikirlərdən başa düşmək olur ki, yeni adminstrasiya da sülhdə maraqlı olacaq. Qeyd edilən kimi birtərəfli siyasət yürütməyəcək. Hesab edirəm ki, münaqişənin sülhlə bitməsi üçün hər iki ölkə Trampın niyyətindən istifadə etməlidir".

Qeyd edək ki, "The Wall Street Journal”ın yazdığına görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Tramp üçün qızıl imkan olacaq:

"Bu iki ölkə aralarındakı fikir ayrılığını həll etməyə çalışır ki, bu da ABŞ-ın maraqlarını təşviq edir. Ukrayna müharibəsini bitirmək vədini vermək asandır, nəinki onu reallaşdırmaq. Lakin Azərbaycanla Ermənistan arasında çoxillik düşmənçiliyə son qoymaq da az səy tələb edir, amma geniş faydalar gətirir. Bu istiqamətdə son addımı atmaq lazımdır ki, onu da yalnız Vaşinqton təmin edə bilər".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->