Bakıda avtomobil satışı ilə bağlı iki nəfərdən ümumilikdə 5 500 manat alan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs özünü avtomobil alqı-satqısı ilə məşğul olan işgüzar şəxs kimi təqdim edərək vətəndaşları aldadıb.
İttihama görə, o, “Mitsubishi” markalı avtomobili hissə-hissə ödənişlə satacağını vəd edərək zərərçəkmiş şəxsdən müxtəlif vaxtlarda ümumilikdə 3 500 manat pul alıb. Pulun bir hissəsi beh kimi, digər hissəsi isə bank kartı vasitəsilə ödənilib. Lakin avtomobil zərərçəkmiş şəxsə verilməyib.
Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, maddi vəziyyəti ağır olduğundan avtomobili başqa şəxsə satıb. O, aldığı 3 500 manatı geri qaytarmadığını etiraf edib.
Bundan başqa, təqsirləndirilən şəxsin digər vətəndaşı da “Mercedes-Benz 190” markalı avtomobili hissə-hissə ödənişlə satacağına inandırdığı müəyyən edilib. Bu məqsədlə ondan 2 000 manat ilkin ödəniş alınıb. Sonradan avtomobilin sahibi maşını geri götürüb. Bundan sonra zərərçəkmiş şəxs ödədiyi 2 000 manatın qaytarılmasını tələb etsə də, vəsait ona ödənilməyib.
Məhkəmədə təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmişlərə olan borclarını işləyərək qaytarmaq niyyətində olduğunu deyib və barəsində yüngül cəza verilməsini xahiş edib.
Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi (təkrar dələduzluq – aldatma və ya etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirmə) ilə təqsirli bilib. Ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı 4 gün saxlanılması da nəzərə alınıb və həmin müddət cəzadan çıxılıb. Nəticədə onun üzərində 1 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Seyid
Şərhlər