Xəbər lenti

Azərbaycan ərzaq taxılı niyə istehsal edə bilmir?
Ölkə05:41 15.02.2016

Azərbaycan ərzaq taxılı niyə istehsal edə bilmir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekspertlər səbəblər, rəsmilərsə bəhanə gətirir...

Musavat.com bildiriir ki, ötən ilin sonunda ölkədə baş verən ikinci devalvasiyadan sonra bir çox sahələrdə olduğu kimi, taxılçılıqla bağlı vəziyyətin normal olmadığı ortaya çıxdı. Belə ki, qeyri-neft sektorunu, kənd təsərrüfatını inkişaf etdirmək barədə fikirlər yenidən səslənərkən məlum oldu ki, Azərbaycan heç taxıla olan tələbatını yerli istehsal hesabına ödəyə bilmir. Üstəlik, yerli istehsal qida üçün yararsızdır. 

Ekspert Qalib Toğrulun sözlərinə görə, Azərbaycanda 2,9 milyon ton taxıl istehsal olunur və onun da 1,7 milyon tonu buğdadır: “Taxılla bağlı ehtiyat fondu, dövlətin Taxıl Fondu var. Həmin Fonda yerli istehsallı taxıldan bir kiloqram da alınmır. Çünki bizim istehsal etdiyimiz taxıl həmin Taxıl Fondunun standartlarına uyğun gəlmir. Biz xaricdən aldığımız taxılın hesabına yaşayırıq. Taxıl Fondunda 750 min ton taxıl var. Fond ancaq fövqəladə hallarda, qiymətlər kəskin artan vaxtlarda istifadə oluna bilər. Bizdə taxılın, buğdanın, unun qiyməti artıb. Belə çıxır, hökumət hesab etmir ki, bazara müdaxilə olunmalıdır.  O taxıl daha qara günlər üçün saxlanılır”.

Ekspert Rəşad Həsənov da bildirdi ki, taxılla bağlı ölkədaxili tələbatın təxminən 50 faizi idxaldan asılı vəziyyətdədir: “İdxal olunan buğda ərzaq məqsədi ilə istifadə olunur. Çünki yerli istehsal keyfiyyət baxımından ərzaq məqsədli istifadə standartlarından geri qalır. Məhz bu səbəbdən vurğulamaq olar ki, ölkə ərzaq məqsədli buğda tələbinin ödənilməsində 70 faiz idxaldan asılı vəziyyətdədir. O ki, qaldı ölkənin taxıl ehtiyatına, məsələn 2015-ci ilin əvvəlinə olan qalıq ehtiyat 2014-cü illə müqayisədə 42 faiz az olub və bu ehtiyat ölkənin təxminən 3 ay yarımlıq ehtiyacını qarşılaya bilər”.

Ekspert Qadir İbrahimli isə dedi ki, ərzaq təhlükəsizliyi ilə bağlı olan bir məsələdir və bunun məsuliyyəti Kənd Təsərrüfatı Nazirliyinin üzərindədir: “İndiyədək bu sahəyə ayrılan milyonlarla manatlıq dövlət yatırımlarına baxmayaraq, aqrar sektorda keyfiyyətli buğda yetişdirmək mümkün olmayıb. Əsas səbəb odur ki, fermerlərin maddi texniki təchizatı yetərincə deyil. Bu da kompleks yanaşmanın olmamasının nəticəsidir”. 

Ekspert Vahid Məhərrəmov isə qeyd edib ki, Azərbaycanın ərzaq buğdası tamamilə idxaldan asılıdır: “Bizim ərzaq buğdasına olan ehtiyacımız 1 milyon 300 min ton olduğu halda, son illər ölkəyə 1 milyon 700 min ton taxıl idxal olunub ki, bunun da 1 milyon 500 min tonu buğdadır. ”Azərbaycanda 65-70 faiz ərzaq buğdası istehsal olunur" fikri tamamilə cəfəngiyyatdır. Ölkədə heç 1 milyon ton buğda istehsal olunmur. İstehsal olunanın da keyfiyyəti aşağı olduğu üçün mal-qaraya yedizdirilir". 

V.Məhərrəmov “Kanal 13"ə açıqlamasında bildirib ki, ölkənin ərzaq buğdasına olan ehtiyac tamamilə idxalın hesabına ödənilir: ”Bir müddət əvvəl kəndlərdə çoxlu sayda dəyirmanlar var idi. Bu dəyimanların hamısının fəaliyyətini qapatdılar. Yəni kiçik və orta sahibkarlar sıradan çıxarıldı. Bunu məqsədyönlü şəkildə etdilər. Ona görə edirdilər ki, böyük şəhərlərdə olan böyük dəyirmanlar müəyyən əldə cəmləşsin. Beləcə bunu da monopoliyaya aldılar. Minə yaxın kiçik dəyirmanlar sıradan çıxarıldı. 

O kiçik dəyirmanlarda fermerlər özləri istehsal etdikləri buğdanı üyüdürdülər, bir hissəsini özləri istifadə edirdilər çörəkbuşirmədə, bir hissəsini də bazara çıxarıb satırdılar. Ölkə daxilində istehsal olunan buğdanın bir hissəsi istehlaka gedirdi. Bu da fermerə stimul verirdi ki, istehsalı artırsın, daha keyfiyyətli etsin. İdxal edilən buğda ərzaq buğdası standartına uyğun deyil. Rəsmi olaraq bildirilir ki, taxıl Qazaxıstan və Rusiyadan gətirilir. Bu ölkələrdə ərzaq buğdası istehsalı azalır. 

Həmin ölkələr hətta özlərinin ərzaq buğdasına olan ehtiyacını ödəməkdə çətinlik çəkirlər. Bizim kimi ölkələrə də standartlara uyğun olmayan buğda satırlar. Yerli fermerlərin istehsal etdiyi buğda bazara çıxarılmır, onun qarşısını alıblar. Məcburiyyət qarşısında qalıb başqa ölkədən yararsız buğda istehlak edirik, alırıq. Onu da ucuz gətirirlər, monopoliyadır. Unüyütmə, çörəkbişirmə monopoliyada olduğundan, taxılın gətirilməsi ucuz başa gəlsə də, baha təklif edilir".

Qaynar.info