(Yazı "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusu üzrə hazırlanıb)
Hər bir dövlətin gələcəyi orada yaşayan gənclərin prosesdə nə dərəcədə iştirakından asılıdır. Dövlətin əsas funksiyalarından biri də gənclərlə bağlı olan problemlərin aradan qaldırılmasıdır. Son illər bu istiqamətdə bəzi işlər görülüb. Xüsusən də gənclərin milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hisslərinin gücləndirilməsi yolunda mühüm addımlar atılıb. Məhz onun nəticəsidir ki, 44 günlük Vətən müharibəsi dövründə gənclərimiz həm ön, həm də arxa cəbhədə qələbəyə mühüm töhfə verdi.
Amma bununla yanaşı, hələ də gənclər bir sıra problemlərlə üz-üzə qalmaqdadırlar.
Qaynarinfo Azərbaycan Valideyn Müəllim Assosiasiyasının (AVMA) icraçı direktoru Şahin Rəcəblə müasir dövrdə gənclərimizin yaşadığı problemlər və onların həlli yollarını müzakirə edib.
Həmsöhbətimiz gənclərin problemlərindən danışarkən ilk növbədə onların sağlamlıq məsələsinə diqqət yetirməyi vacib hesab edir:
"Azərbaycan gəncləri hələ də bir sıra problemlərlə üz-üzə qalmaqda davam edir. Onların rastlaşdığı problemləri bir neçə qrupa bölmək olar. İlk növbədə gənclərimizin sağlamlığı məsələsi önə çəkilməlidir. Sağlamlıq hər zaman aktual olduğu üçün gənclərimizin zərərli vərdişlərdən qorunması üzrə fəaliyyətlərin təşkili mühümdür. Gənclərin həm sağlam həyat tərzinin təmin olunması, həm də narkomaniyaya qurşanmaq hallarının artması məsələsi ciddi problemlər olaraq qalmaqdadır. Bunlar həyəcanverici siqnallardır. Düşünürəm ki, ilk növbədə sağlam həyat tərzini təmin etməklə və bu sahəyə nəzarəti gücləndirməklə, həmin problemlərin bir çoxunu həll etmək olar. Aydiyyatı orqanlar, yerli icra strukturları, ictimaiyyət, cəmiyyət, narkomaniya bəlasına qarşı ciddi mübarizə aparmalıdır. Çünki narkomaniya gənclərimizin gələcəyini məhv edir.
Azərbaycan idman ölkəsidir. İdmanın inkişafı ölkədə gənclərimizin bir çox problemlərinin həllinə müsbət təsir edir. Gənclər arasında idmana maraq böyükdür. Amma bir çox olimpiya mərkəzləri, idman sağlamlıq komplekslərinin bəzi hallarda fəaliyyətsiz olması da müəyyən qədər prosesə öz mənfi təsirini göstərir. Bu komplekslərin tam şəkildə fəaliyyətdə olmasının yerlərdə gənclərimizin idmana cəlb olunması və onların sağlamlığının təmin olunmasında böyük rolu var".
Ekspertin fikrincə, gənclərin rastlaşdığı digər əsas problem işsizlik məsələsidir:
"Gənclərin işsizlik problemi də aktual olaraq qalır. Hər il bu istiqamətdə də müxtəlif işlər görülür, müəyyən müəssisələr açılır, "DOST Mərkəzi" və bir sıra digər fəaliyyət növləri həyata keçirilir. Amma gənclərin işsizliyi məsələsi hələ də aktual problemlərdən biri olaraq qalır. Əksər gənclərimiz özünə uyğun iş tapmaqda çətinlik çəkir. Ona görə də xaricdə oxuyan bəzi gənclər təhsili başa vurduqdan sonra ölkəyə qayıtmır. Bütün bunlar təhsilli gənclərimizin ölkə daxilində yüksək maaşlı işlə və əmək fəaliyyəti ilə məğul olması üçün lazım olan şəraitlə təmin olunmamasında qaynaqlanır. Bu istiqamətdə daha önəmli proqramların qəbul edilməsinə ehtiyac var. Təhsil almış gənclərimizin özünə layiq işlərlə təmin olunmasına şərait yaradılmalıdır".
Şahin Rəcəb hesab edir ki, gənclərin daha aktiv şəkildə ictimai-siyasi həyata cəlb olunması da günün vacib məsələlərindəndir:
"Son illər məmurların gəncləşməsi prosesi gedir. Müəyyən icra strukturlarında artıq komunikativ, müasir dünyagörüşlü gənc kadrlar işləyir. Amma bu prosesi daha da sürətləndirmək lazımdır”.
O qeyd edib ki, gənclərin elmi fəaliyyətə cəlb olunması məsələsi də axsayır:
"Bu sahədə də əslində gəncləşmə getməlidir. Çünki bir çox hallarda elm-tədqiqat işlərinə marağı olan gənclər müəyyən bürokratik əngəllərə rast gəlir, müasir dövrümüzə uyğun olmayan çətinliklərlə üzləşir və nəticə etibarı ilə elmdən, tədqiqatlardan kənarda qalırlar. Bu səbəbdən elmi fəaliyyətin təşkili məsələsində gənc alimlərimizin sayının artması istiqamətində də işlər aparılmalıdır”.
Ekspertin fikrincə, narahatedici digər məsələ isə gənclərin ailə planlaması məsələsidir:
"Boşanan ailələr arasında təəssüf ki, gənc ailələrin də böyük çəkisi var. Bu da ailə və mənəvi dəyərlərin müəyyən qədər aşınmasından qaynaqlanır. Azərbaycan insanı illərlə ailə dəyərlərinə ciddi önəm verib. Bu bizim mədəniyyətimizdir. Kamil insanın formalaşmasında ailə və mənəvi dəyərlərin çox böyük rolu vardır. Amma son illər gənclərin ailə planlaşdırılmasında, gənc ailələrin bir-birinə və övladlara olan münasibətində ailə dəyərlərinin aşınması problemi önə çıxmağa başlayıb. Bu amilə diqqət yetirmək lazımdır. Bunun üçün də gənc ailələrə hərtərəfli mənəvi, maddi qayğı göstərilməlidir. Bütün hallarda ölkədə görülən işlər tədricən də olsa gənclərimizin daha firavan yaşamasına xidmət edir. Bu yolda atılan addımlar yavaş-yavaş öz bəhrəsini verməkdədir”.
Rüfət Sultan
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
