
Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu gün Çexiyaya qarşı keçirəcəyi səfər oyununa ciddi itki ilə çıxacaq.
Qaynarinfo.Az xəbər verir ki, millimizin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Ostravadakı matçı buraxmalı olacaq.
Ayağında zədəsi olan təcrübəli futbolçunun bu oyuna qədər sağalacağına ümid bəslənilirdi. Hətta baş məşqçi Robert Prosineçki açıqladığı start "11-lik"də Sadıqovun adını da çəkmişdi.
Amma ötən gecə matçın keçiriləcəyi "Vitkovitse" stadionundakı son məşq zamanı bəzi təmrinləri həyata keçirərkən Rəşadın vəziyyəti daha da ağırlaşıb. Bu üzdən də həkimlər onun qarşıdakı matçda iştirakını mümkünsüz sayıblar.
Bu üzdən də gözlənildiyi kimi, Sadıqovu Çexiya ilə oyunda Bədəvi Hüseynov əvəz edəcək. Kapitan isə Portuqaliyanın "Boavişta" klubunun qapıçısı Kamran Ağayev olacaq.
Beləliklə, Norveçlə oyunla müqayisədə start heyətdə 3 dəyişiklik olacaq. Rəşad Sadıqovu Bədəvi Hüseynov, Ağabala Ramazanovu Ramil Şeydayev və Eddi İsrafilovu Namiq Ələskərov əvəzləyəcək.
Qeyd edək ki, bu matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Azərbaycan yığmasının hazırda 6 xalı var və qrup lideri Almaniya ilə eyni miqdarda xal toplayıb.
Qaynarinfo.Az