
Futzal üzrə Azərbaycan millisinin oyunçusu Vitali Borisov Serbiyanın "Ekonomats" klubu ilə anlaşıb.
Qaynarinfo.az Serbiyanın kgsport.info saytına istinadən xəbər verir ki, millimizin 34 yaşlı kapitanı bu ölkənin 4-cü böyük şəhəri - Kraquyevatsı təmsil edən klubun 4-cü transferi olub. Serbiya mətbuatı Bakıda doğulmuş, milliyətcə rus olan Vitalini çox sürətli, sol ayağı ilə qollar vurmağı bacaran bir oyunçu kimi xarakterizə edib.
"Vikipediya"ya inansaq, Vitali 8 qat Serbiya çempionu olan klubda 12 nömrəli formanı geyinəcək. Hətta o, təcrübəli olduğu üçün komandanı oyunlara kapitan qismində çıxaracaq. O, Serbiya auditoriyasına fevralda Belqradda keçirilmiş futzal üzrə Avropa çempionatının oyunlarından tanışdır.
Qeyd edək ki, ölkəmizdə "Azfarma", "Ədliyyə", "Tribut", "Fənər", "Araz", İngiltərədə "Baku Yunayted", Rusiyada "Dina" klublarında forma geyinmiş Vitali Borisova "Ekonomats"ın baş məşqçisi Predraq Rayiç yaxşı tanışdır. O, "Fənər"də Vitali Borisovun baş məşqçisi olub. Məhz bu keçid də bu tanışlıq vasitəsilə baş tutub.
Qaynarinfo.az