Xəbər lenti

Azərbaycan neftçilərinin rəmzi... (FOTOLAR)
Ölkə10:45 13.01.2020

Azərbaycan neftçilərinin rəmzi... (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Akademik Xoşbəxt Yusifzadə 90...
Xoşbəxt  Bağı oğlu Yusifzadə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti,  AMEA-nın akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan  Milli Elmlər Akademiyasının və Rusiya Təbiət Elmləri  Akademiyasının  xarici üzvü, Rusiya Beynəlxalq Mühəndislik  Akademiyasının fəxri akademiki, geologiya-mineralogiya elmləri doktoru, professor. Azərbaycanın əməkdar mühəndisi, Dövlət mükafatları laureatı,  Azərbaycan neft-qaz sənayesinin patriarxlarından biridir. 2020-ci ilin yanvar ayının 14-də alimin anadan olmasının 90 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyev akademikin əlamətdar yubileyinin Dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı müvafiq sərəncam imzalayıb. 
Xoşbəxt  Bağı oğlu Yusifzadə  1930-cu il yanvarın 14-də Xəzərin sahillərində  qərar  tutan  Pirşağı kəndində dünyaya göz açıb... Atası otuzuncu illər represiyasının qurbanı olub. Günahı məhkəmədə sübut edilməsə də həbs edilib və Sibirdə dünyasını dəyişib. Xoşbəxt müəllimin elmə gedən yolu Pirşağıdakı 112 №li  orta məktəbdən başlanıb...  Orta təhsilini  Kürdəxanı kəndindəki  113 №li  orta məktəbdə başa vurub. Amansız müharibə  o dövrün  uşaqları  kimi  onun da uşaqlıq illərini əlindən alıb...  O, məktəbin say-seçmə şagirdlərindən olub. 13 yaşında ikən komsomol sıralarına qəbul olunub, məktəb komsomol təşkilatının katibi seçilib. 
1947-ci  ildə  qəbul imtahanlarını uğurla  verərək Azərbaycan Sənaye İnstitutunun "Geoloji-Kəşfiyyat fakültəsinin Neft və Qaz yataqlarının  geologiyası və kəşfiyyatı” bölməsinə  daxil  olub... 1952-ci ildə institutu  "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” fakültəsini  dağ mühəndisi ixtisası üzrə bitirib... Alimlər onun  "diplom layihə”sinin  namizədlik dissertasiyasına bərabər olduğunu, aspiranturaya girəcəyi tədqirdə  bir  ilin içində  müdafiə  edə  biləcəyini  söyləmişdilər...". 
Bu gün Xoşbəxt Yusifzadənin dünyaya göz açdığı Bakının Pirşağı kəndində, alimin təhsil aldığı 112 saylı ümumtəhsil məktəbində fədakar neftçinin 90 illik yubileyinə həsr olunan tədbir keçirilib. Kənd ictimaiyyətinin, ziyalıların və  məktəb kollektivinin iştirakı ilə  baş tutan tədbir  olduca maraqlı keçib.  Yubiley mərasimi məktəb şagirdlərinin ifasında Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin musiqi kollektivinin ifasında "Neftçi” mahnısı təqdim olunub. Sonra isə akademikin 90 illik yubileyinə həsr olunan "Azərbaycan neftçisinin rəmzi...  Akademik Xoşbəxt Yusifzadə” adlı sənədli filmin nümayişi olub. Ekran əsəri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Tədbir çıxışlarla davam etdirilib. 
SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov akademik barədə geniş məlumat verərək onun Azərbaycan neft sənayesinə, Azərbaycan elminə gətirdiyi nailiyyətlər barədə danışıb.Kənd sakinləri, ağsaqqallar, ziyalılar və  müəllimlər həmyerliləri olan bu görkəmli neftçi barədə xoş arzularını bölüşüblər. Tədbirin təşkilatçıları adından çıxış edən Akif Quliyev  Xoşbəxt müəllimi Pirşağı kəndindən çıxıb Pirşağının fəxrinə, qürur mənbəyinə çevrilən bir ali  şəxsiyyət kimi təqdim edib. Ayrı-ayrı kənd ziyalılarının akademikə həsr etdiyi şeirlər  tədbiri daha da rövnəqləndirib. Kənd sakinlərindən ibarət xalq çalğı alətləri ansamblının təqdim etdiyi musiqi nömrələri, məktəblilərin ifasında səslənən  mahnı və muğamlar  tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Tədbirin sonunda çıxış edən fədakar neftçi, el ağsaqqalı, akademik  Xoşbəxt Yusifzadə maraqlı xatirələrini bölüşüb və tədbir iştirakçılarına minnətdarlığını bildirib. 
Eldar  İskəndərzadə
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, telejurnalist