Ölkə 22:47 31.08.2022

Azərbaycan rəsmiləri Türkiyədəki vətəndaşlarımızın problemlərini dinlədi

Dövlət rəsmiləri Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının problemlərini dinləyib.

Qaynarinfo xəbər verir ki, görüş Türkiyənin Samsun şəhərində keçirilən "Teknofest Karadeniz" festivalında baş tutub.

Festivala qatılan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Diasporla İş üzrə Dövlət Komitəsinin 4-cü ərazi şöbəsinin (Asiya, Türkiyə, Avstraliya və Okeaniya) müdir müavini Yəhya Babanlı Səyyar "ASAN Xidmət"ə müraciət edən Azərbaycan vətəndaşları ilə görüşərək onların şikayət və təkliflərini dinləyiblər.

Vətəndaşlar Azərbaycanın qurumlarının çağrı mərkəzləri ilə Türkiyədən birbaşa əlaqə saxlamaqda çətinlik çəkdiklərini, Naxçıvandan olan vətəndaşlarımızın ASAN Xidmətdən istifadə edə bilməməklə, sənədləşmə ilə bağlı Türkiyənin müxtəlif yerlərindən Azərbaycanın Ankaradakı səfirliyinə müraciət üçün bir neçə dəfə gediş-gəlişin çətin olması ilə bağlı və başqa başqa məsələlərlə əlaqədar müraciətlər ediblər.

Hökumət rəsmiləri qaldırılan məsələləri dinləyib, aidiyyəti qurumlarla məsələnin həlli istiqamətində addımlar atılacağını bildiriblər.