Xəbər lenti

Azərbaycan səhralaşa bilər? - Ekoloq bizi gözləyən su qıtlığından danışdı
Ölkə 13:56 31.07.2025

Azərbaycan səhralaşa bilər? - Ekoloq bizi gözləyən su qıtlığından danışdı

"Suyu içirik, işlədirik, kranı lazım oldu-olmadı, saatlarla açıq qoyuruq, qədrini bilmirik. Suyu qənaətlə işlətməliyik. Bu gün heç bir evdə suya qənaət edilmir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev kəskin keçən istilərlə əlaqədar Bakıda içməli suyun verilməsində fasilələrin yaranmasından danışarkən deyib. Ekoloq bunun ən başlıca səbəbini dünyada əhalinin sayının artması ilə əlaqələndirib:

"Buna tərs-mütənasib olaraq su azalır. İstər Kür, istər Araz çaylarında, istərsə də dünyada su qıtlığı yaşanır. Dünyanın 43 ölkəsində böyük su təhlükəsi var, onlar sudan əziyyət çəkirlər. O cümlədən Azərbaycan da su qıtlığından əziyyət çəkən bir ölkə olaraq dünyada 33 ölkə sırasında 13-cü yerdədir. Bizim su ehtiyatlarımız əsasən kənarda formalaşır. Kür, Araz çayları Türkiyə ərazilərindən formalaşır. Türkiyədə yağıntıların miqdarı azalanda çaylarda sululuğun miqdarı azalır, əhalinin sayı isə durmadan artır. Nəticədə su qıtlığı bizə ikiqat təsir edir”.
 


Ekoloq iqlim dəyişikliyinin bütün dünyaya təsir etdiyini vurğulayıb:

"Anomal istilər keçir. Müşahidə olunan hava normadan bir neçə dərəcə yuxarıdır. Bizim də su ehtiyatlarımız azdır. Gələcəkdə Azərbaycanın ən ciddi problemlərindən biri su olacaq. Şirin su ehtiyatları get-gedə azalır. Məsələn, ən böyük kanallardan biri Qarabağdadır. Həmin kanalda su itkisi 40%-dir”. 
Xosrov Musayev hesab edir ki, su itkisinin qarşısını almaq üçün idarəetməni təkmilləşdirməliyik:

"Torpaq mənşəli anbarlardan beton mənşəlilərə, kənd təsərrüfatında selləmə suvarmadan imtina edib damçı suvarma üsüllarına keçməliyik. Elə bitkilər əkməliyik ki, suya az təlabatı olsun. Bu gün texnologiya sürətlə inkişaf edir, hər şeyi dəyişmək olur. Amma suyu əvəz edən nəsə yoxdur”.
Bu məqsədlə ekoloq təklif irəli sürüb:

"Hesab edirəm ki, dünyada baş verən iqlim dəyişikliyi ilə bağlı bir qanun qəbul olunmalıdır. İndidən tədbirlər görməsək, yaxın illərdə su qıtlığı ilə qarşılaşacağıq. Bunun da son halı quraqlıq və səhralaşmadır”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->