
Bakı Musiqi Akademiyasına qəbul olunan tələbələrə «fakültəniz bağlanıb» deyiblər
Təhsil Nazirliyi ali məktəbdə "menecment" fakültəsinin təsadüfən açıldığını bildirib
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında menecment təhsili alan 12 tələbə prezident İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.Bütün bunlar Təhsil Nazirliyinin Bakı Musiqi Akademiyasından iqtisadiyyatla, menecementlə bağlı dərslərin keçirilməsini tələb etməsi ilə başlayıb. Bakı Musiqi Akademiyasının da həmin profildə müəllimləri olmadığından fakültəni bağlamaq məcburiyyətində qalıb:
"Akademiyadan biz validenlərə deyildi ki, sizin övladlarınıza iqtisadiyyat, menecement dərsi deyəcək müəllimlərimiz yoxdur. Üstəlik, həmin müəllimləri akademiyaya dəvət edəcək vəsaitimiz də yoxdur. Maddiyyat baxımından çətinlik çəkirik, az əmək haqqına da heç bir müəllim gəlmir. Odur ki, bu il oktyabrın axırına qədər demək olar ki, uşaqlarımıza dərs keçilmədi. Bu dəfə də dedilər ki, tələbələri İqtisad universitetinə göndərəcəklər. Gözlədik. Bu gün-sabaha saldılar, qaldı. Bir ay sonra da bizə deyildi ki, qərar qəbul edilmədi. Akademiyada isə musiqişünaslardan başqa müəllim yoxdur. İndi uşaqlara bir-iki müəllim gətiriblər. Nə riyaziyyat müəllimi var, nə iqtisadiyyat, nə də menecement. Bir sözlə, övladlarımızın Musiqi akademiyasında təhsil alması üçün heç bir şərait yoxdur. Hətta akademiyadakı müəllimlər də bunu təsdiqləyirlər. Bizə deyirlər ki, "yanvardan sonra bizdə fənnlər artacaq. Belə olsa həmin fakültəyə müəllim gətirməkdə problem yaşayacağıq. Çalışın övladlarınızı yerbəyer edin". Bizim də istəyimiz yanvara qədər övladlarımızı hansısa bir universitetə yerləşdirə bilməkdir".Dərs ili başlayandan övladları təhsil ala bilməyən valideynlər Təhsil Nazirliyinə də üz tutublar. Nazirlikdən isə onlara deyilib ki, Bakı Musiqi Akademiyasında menecement fakültəsinin olduğunu birinci dəfədir eşidirlər: "Təhsil Nazirliyində dedik ki, əgər sonradan belə bir problem yaranacaqdısa, akademiyada bizim övladlarımıza dərs keçmək problem olcaqdısa niyə yaradılırdı həmin fakültə? Nazirlik əməkdaşı bizə dedi ki, Konservatoriyada menecement fakültəsinin açılmasından xəbərləri olmayıb. Deyirlər yəqin təsadüfən olub. Qarşısında bal yazılmış fakültə təsadüfən düşə bilər jurnala? Biz prezident İlham Əliyevə, Mehriban Əliyevaya müraciət ünvanlamışıq. Bu gün konkret olaraq uşaqların taleyi qalıb havadan asılı vəziyyətdə. Hətta Təhsil nazirliyindən bizə söz verildi ki, həmin 12 tələbəni İqtisad Universitetinə köçürəcəyik. Ancaq köçürmə olmadı. Əlavə müəllimlər də dəvət etmədilər. Biz valideynlər isə istəyirik ki, övladlarımız menecement sahəsi üzrə normal təhsil alsınlar. Normal universitetə köçürülsünlər. Heç olmasa yanvardan nəsə etsinlər. Daha akademiyaya sığınmasınlar. Digər fakültələrin tələbələri onları görəndə "siz hələ burdasız, getməmisiniz?", - deməsinlər. Hamımızın evində vəziyyət gərgindir".
Tələbələr deyirlər ki, Bakı Musiqi Akademiyasında hazırda onların təhsil aldıqları menecement ixtisası əvvəllər də olub. Ancaq sonradan bu ixtisas üzrə qəbul dayandırılıb. Qəbul olan tələbələr akademiyanı bitirəndən sonra da uzun illər həmin ixtisas akademiyadan yığışdırılıb. 2012-ci ildə isə yenidən bərpa edilib. Həmin il bu ixtisas üzrə akademiyaya 12 tələbə qəbul edilib. Məqsəd menecement ixtisasını məhz musiqi sahəsində tədris etmək olub. Ancaq Təhsil Nazirliyi akademiyaya həmin ixtisası aidiyyatı üzrə tədris etməsi öhdəliyi qoyandan sonra təhsil ocağı bu ixtisası bağlamaq qrarına gəlib. Tələbələr birinci kursda ancaq musiqi ədəbiyyatı və musiqi tarixi, kino tarixi dərsləri keçiblər: "Bir də menecement və riyaziyyat dərsləri keçirdik. Bir il bizi beləcə yola verdilər. Sonrası da hamıya məlumdur. İndi ixtisası ləğv etmək istəyirlər. Biz qalmışıq havada. İqtisad Univesitetinin tələbələri ilə danışırıq. Eyni ixtisasıq deyə, maraqlıdır hansı dərsləri keçdikləri. Elə dərs adları çəkirlər ki, heç biz o dərslərin adını eşitməmişik. Nazirlik də bizə deyir ki, gedib özünüz də oxuyub öyrənə bilərsiniz bu haqda. Elə hamı gedib özü oxuyacaqdısa niyə yaradırdılar universitetləri? Nəyə lazım idi bu universitetlər? Təhsil Nazirliyinin təklif etdiyi kimi hamı oturub evində oxuyardı da".