Xəbər lenti

Azərbaycan Ukraynaya generatorlar və xilasetmə avadanlığı verdi (FOTOLAR)
Foto 21:22 10.02.2026

Azərbaycan Ukraynaya generatorlar və xilasetmə avadanlığı verdi (FOTOLAR)

Azərbaycan Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinə generatorlar və digər zəruri avadanlıqlar verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi feysbuk sosial şəbəkəsində məlumat yayıb. 

Qeyd olunub ki, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bölmələrinin fəaliyyətinin təmin edilməsi üçün Azərbaycan Respublikası tərəfindən generatorlar və digər zəruri avadanlıqlar təqdim edilib. Yardımın təhvil verilməsi mərasimi FHDX rəhbəri Andriy Danik və Ukraynanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Yuriy Husyevnin iştirakı ilə keçirilib.

Səfir Husyev bildirib ki, bu dəstək Ukraynanın xarici işlər naziri Andriy Sıbihanın "Ukrayna üçün istilik” qlobal təşəbbüsü çərçivəsində cəlb olunub və çətin dövrdə Ukraynaya göstərilən həmrəyliyin növbəti mühüm nümunəsidir.

FHDX rəhbəri Andriy Danik isə vaxtında və zəruri yardıma görə Azərbaycan xalqına və hökumətinə təşəkkür edərək, təqdim olunan avadanlıqların xilasedicilərin gündəlik fəaliyyəti və vətəndaşların təhlükəsizliyinin daha effektiv qorunması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Mərasim çərçivəsində tərəflər mülki müdafiə və fövqəladə hallara reaksiya sahəsində Azərbaycan–Ukrayna əməkdaşlığının gələcək istiqamətlərini də müzakirə ediblər.

--> -->