
Azərbaycan futbolu tarixində ilk dəfə komandamızın olimpiadada iştirak imkanı yaranıb.
Qaynar.info AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu hüquqa 15 yaşadək qızlardan ibarət Azərbaycan yığması (1999-cu il təvəllüdlü) yiyələnə bilər.
Bunun üçün millimiz oktyabrın 14-də start götürəcək mini-turnirin qalibi olmağı bacarmalıdır. Yarış UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahının ərazisində yerləşən stadionda keçirəcək və 2014-cü il avqustun 16-dan 28-dək Çinin Nanjinq şəhərində baş tutacaq Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya xarakter daşıyacaq. Seçmə mərhələdə Avropa zonasından 4 ölkə - Azərbaycan, İsrail, Slovakiya və Rumıniya mübarizə aparacaq. Bu komandalar UEFA tərəfindən “Fair-Play” reytinqinə əsasən seçilib. Bu, 3 ay öncə yaradılmış U-15 qızlar yığmamızın ilk rəsmi oyunları olacaq.