"Azərbaycanda bank sektoru öz çətin vaxtlarını yaşayır".
Cebhe.info xəbər verir ki, bunu "Şəffaflığa doğru birlikdə" mövzusunda vergi konfransında çıxış edən "Rabitəbank" ASC-nin idarə heyətinin sədri Elçin Qədimov deyib.
Onun sözlərinə görə, 11 bankın bağlanması nəticəsində 4200 nəfər bank əməkdaşı öz iş yerini itirib: "Bunlardan 2700-ü bağlanan bankların, digərləri isə hal-hazıdda bankların effektivliyini artırması nəticəsində iş yerini itiriblər. Bazar faizi anlayışının tətbiq edilməsi kredit faizlərinə təsir edir. Biz təklif edirik ya bu tətbiq edilməsin ya da həmin bank üzrə son 30 gündə verilən kreditə görə bazar faizi anlayışı tətbiq edilsin".
Rabitəbank rəsmisi təklif edib ki, bankların swift, Visa və Mastercard təşkilatlarından aldığı xidmətlər ƏDV-dən azad edilsin.
E.Qədimov problemli kreditlər üzrə balansa götürülmüş əmlaklaklara görə verginin 3 il müddətinə hesablanmamasını təklif edib. Onun sözlərinə görə, banklar həmin əmlakdan istifadə etmədiyi üçün vergi tətbiqi əlavə xərclərə gətirib çıxarır:
"Aparılan araşdırmalar göstərir ki, nağd ödənişlər müxtəlif ölkələrdə 1,1-1,7% arasında əlavə xərclər yaradır. Biz təklif edirik ki, POS-ların istehsalı ilə bağlı xüsusi güzəştlər tətbiq edilsin, həmçinin POS-ların idxal qiyməti vergidən azad edilsin".
Bank rəsmisi deyib ki, xarici təcrübəyə görə, dövlət satınalamaları yalnız nağdsız olmalıdır: "İngiltərədə bu tətbiq edilib və təxminən 1 mlrd. funt-sterlinq qənaət edilib".
Qaynar.Az