
Son dövrlərə qədər xarici ölkələrin televiziya və radiolarından eşitdiyimiz ailədaxili şiddət, qətl və cinayətlər təəssüf ki, bizim cəmiyyətdən də yan ötmədi. Yenə təəssüf hissi ilə bildiririk ki, bu kimi xəbərləri yazmaq bizim üçün, oxumaq sizin üçün adiləşib. Bəs bunun səbəbi nədir?
"Qaynarinfo" mövzunu psixoloq Vəfa Əkbər ilə müzakirə edib. Psixoloqun fikrincə ailədaxili problemlərin əsas səbəbi maddiyyatla bağlıdır:

"Bu cür mənfi halların, ailədaxili gərginliklərin, şəxslərarası münasibətlərin pozulmasına səbəb aqressiyadır. Aqressiyanı yaradan səbəblərdən biri isə maddi problemlər, özünü vəziyyətdən çıxara bilməməkdir. Bilirsiniz ki, son 1 ildə ard-arda 2 dəfə devalvasiya oldu. Bu təbii ki, insanlara mənfi təsir göstərdi. Ailə başçıları ailələrini maddi baxımdan təmin edə bilmir və bu da öz növbəsində ailə üzvləri yanında sözünün kəsərinin zəifləməsinə şərait yaradır. Bununla da yalnız ailə başçısına qarşı deyil ailədaxili fərdlərin də bir-birinə qarşı münasibətinin pozulması, təmkinin, səbrin yerini aqressiyaya verməsinə gətirib çıxarır.
Aqressiyanı yaradan bir digər səbəb də frustrasiya, yəni, məqsədə çata bilməməkdir. Məsələn, ailə qərar verir ki, bu il övladını evləndirsin. Lakin maddi baxımdan problem yaranır və qoyulan məqsədə nail olmaq alınmır. Belə olduqda narazılıqlar başlayır. Bizə də müraciət edən insanların problemlərinin əsasında əksərən maddiyyat dayanır. Təbii ki, pul hər şey deyil. Amma təəssüf ki, çox şeydir. İnsanlar xəyallarını, arzularını, istəklərini reallaşdıra bilmədikdə emosionallıq, aqressiya artır. Belə olduqda isə nəinki yaxınında, cəmiyyətdəki hər bir fərdə zərər verə bilər. Məsələnin həlli yolunu düşünsək, insan ancaq və ancaq özü-özünü idarə etməyi bacarmalıdır. Öz duyğularının, emosiyalarının qurbanı olmamalıdır. Hər bir insan düşünməlidir ki, istənilən vəziyyətdən çıxış yolu var. Onu da qeyd edim ki, bu bir nəfərdən asılı deyil. Əgər ailə üzvləri içərisində yalnız 1 nəfər bunu düşünüb təmkinli olacaqsa, qurban həmin adam olacaq. Buna görə də hər kəs hisslərini idarə etməli, fərdi psixoloji halətinə hakim olmalı, bunu ailədəki və ətrafdakı insanlara da aşılamalıdır ki, cəmiyyət də buradan öz payını götürə bilsin".
Nərmin Həsənli
Qaynarinfo.Az