"Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) birinci yerdədir.
Qaynarinfo xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov "Times Higher Education" şirkətinin ali məktəblərlə bağlı apardığı reytinq cədvəlindən danışarkən deyib. Onun sözlərinə görə, dünyanın ən nüfüzlu reytinq təşkilatlarından biri olan "Times Higher Education" şirkəti aprelin 22 -də 2020-ci il üçün "THE İmpact Ranking” reytinqini açıqlayıb:
"Dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə ölçən bu reytinqdə UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) dünya universitetləri arasında 619-cu (601+), Azərbaycan universitetləri arasında isə birinci yerdədir. UNEC ən yaxşı nəticəni 17 məqsəddən səkkizincisi olan "Layiqli əmək və iqtisadi artım” hədəfi üzrə əldə edib. Bu hədəf üzrə fəaliyyətinə görə UNEC dünyanın ən yaxşı 300 (201-300) universiteti sırasına daxil olub".
Kamran Əsədov bildirib ki, "keyfiyyətli təhsil” məqsədi üzrə dünyanın ən yaxşı 401-600 universiteti sırasında qərarlaşan UNEC möhkəm infrastrukturun yaradılması, inklüziv və dayanıqlı sənayeləşmənin təşviqi və innovasiyaların inkişafına dəstəyi ölçən "Sənaye, innovasiya və infrastruktur” məqsədi üzrə 401+, eləcə də, "Məqsədlər üçün tərəfdaşlıq” məqsədi üzrə dünya universitetləri arasında 401-600-cu ən yaxşı universitetlər sırasındadır.
Bahar Rüstəmli