İllərdir ailə problemlərinin həlli yolunda addımların atılmasına baxmayaraq boşanma sayı hər il artmaqdadır. Bunun bir neçə səbəbi var.
Qaynarinfo.Az xəbər verir ki, “Xoşbəxt ailə notları” kitabının müəllifi, Ailə müşaviri Zaur Tahirsoy Azərbaycanda ailələlərin dağılmasının əsas səbəblərini açıqlayıb.
Zaur Tahirsoyun ilk səbəb kimi televiziya proqramlarına dəvət alıb, ailə mövzusunda danışan insanların özlərinin doğru-düzgün ailəsinin olmamasını göstərir: "İki dəfə ərə gedib boşanmış (əsassız səbəblərdən) qadın və yaxud qadınını başsız saxlamış kişi cəmiyyətə hansı ailə dəyərini aşılıya bilər?! Təbii ki, bu məsələdə məsul KİV nümayəndələri daha diqqətli olmalıdırlar. İkinci səbəb, “Müasir ailə başçısı” modelinin olmamasıdır. Bu sahədə olan mütəxəssislər nisbətən yaşlı nəslin nümayəndələridirlər. Və onlar problemin həllinidə öz zamanlarına uyğun metodlar irəli sürülər ki, bunun da müasir ailələrə təsiri olmayacaq.
Günümüzdə boşanmaların səbəbləri çoxdu. Mən əsaslarını qeyd etmək istəyirəm. Ailə quran gənc oğlanın “ailə”nin əhəmiyyətindən xəbəri yoxdur. O, bəzən heç özü də bilmir niyə ailə qurur. Təbii ki, düşünülməmiş evlilik problemlər yaşamağa məhkumdur. Kişilər ailə qurmağa fiziki cəhətdən hazır olsalar da, psixoloji cəhətdən hazır deyillər. Bunun üçün bu mövzuda seminarlara qatılmalı və maariflənməlidirlər.
İkinci səbəb kimi məişət sıxıntılarını göstərmək olar. Evlənən gənc oğlan ailə qurduğu yaşa qədər ömrünü əyləncədə və bihudə işlərdə keçirməsi, ailə qurduqdan sonra isə maddi rifah barədə düşünməsi çox acınacaqlıdır. Örnəyin, bir insan uzaqdan bir hündür hasarı gördüyü halda yol boyu heç bir hazırlıq görmədən hasarın dibində onu adlamaq istəməyinə bənzəyir.
Üçüncü səbəb seçim mərhələsinə söykənir. Cütlüklər “sevgi” üzərində ailə qururlar. Ailə qurarkən sevgi və gözəlliyə xörəyin duzu miqdarında önəm vermək lazımdır. Çünki insan hissi dəyişkən, gözəllik isə zamanla yox olub gedir. Ailə mürəkkəb strukturdur, onun müvəqqəti amillər üzərində qurmaq doğru deyildir.
Dördüncü səbəb, kişilərin atalarından gördükləri “klassik ailə başçısı” modelini tətbiq etmələridir. Bu ən çox problem yaradan səbəblərdəndir. Məhz bu amil ailədə qadının xəyanətinə və yaxud əsəb xəstəliyinə tutulmasına səbəb olur. Nəticədə ailə ya ölümlə, ya da sadəcə ayrılıqla dağılır. Düzdür qadının xəyanətinə heç bir səbəb bəraət qazandırmır. Amma tətikləyici amilləri də gözardı etmək olmaz.
Ailədə intim həyatın necəliyi birbaşa ailə həyatına təsir edir. Birtərəfli doyumla nəticələnən intim münasibəti problemin mənşəyi kimi qeyd etmək olar.
Ailəsinə kənar müdaxilənin edilməsinə (hətta birinin seviiyindən edilən müdaxilə olsa belə) şərait yaratmamalıdır. Gənc ailə başçısı müstəqil və sağlam qərar qəbul etmək xüsusiyyətinə malik olmalıdır.
Səbəbləri 10 və 15-ə qədər sıralamaq olar. Amma mətnin uzun olmasını istəmirəm. Bu mövzu ilə əlaqəli seminarlarımız olacaq. Maraqlananlar "Facebook" üzərindən Zaur Tahirsoy profilini izləməklə seminarın gününü və saatını öyrənə bilərlər. Problemin həlli yolunda ilk atılan effektli addım problemli ailələrin ailə müşaviri və psixoloqa müraciət etmək ənənəsini aktiv edilməsidir. Təəssüf ki, yalnız qadınlar ailəsini qurtarmaq üçün mütəxəssisə müraciət edir. Bunun isə ailə probleminin həllində heç bir effekti olmur. Bir problem varsa, o problemin yaranmasında iştirak edən hər bir fərd həmin problemin yaranmasında pay sahibidir".
Qaynarinfo.Az