Sağlamlıq 15:03 18.10.2022

Azərbaycanda dərmanlar niyə bahadır? - Ekspertin şərhi

Artıq Azərbaycan dərman bazarından Rusiya, Ukrayna, Belarus istehsalı olan dərmanlar yığışdırılıb. Hər bir ailənin gündəlik ehtiyac duyduğu dərmanları Bakı apteklərində saatlarla axtarsaq da, tapa bilmirik. Onların əvəzində isə bazara Avropa istehsalı olan dərman preparatları daxil olub. Bir-birindən bəzəkli qutularda qablaşdırılan bu preparatlar Rusiya istehsalı olan dərmanların qiymətindən iki, hətta bəzən üç dəfə baha qiymətə satılır. Alıcılar Avropadan gətirilən dərmanların xarici ölkələrdən gətirilən dərmanlarla müqayisədə baha və keyfiyyətsiz olduğunu deyir. 

Satıcılarla söhbətdə aydın olur ki, əhalinin ən çox təlabat duyduğu Rusiyadan gələn dərmanlaradır: "Əhalinin imkanı Rusiyadan gətirilən dərmanlara çatır. İnsanlar ömrü boyu bu dərmanlardan istifadə edib və onlara inanır. Bu dərmanları tapmayanda biz onlara xaricdən gətirilən dərman adları təklif edirik. Amma istəmirlər, deyirlər ki, Rusiyadan onlayn gətizdirərik”. 

Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında Rusiya və Ukraynadan Azərbaycana gətirilən dərmanların yoxa çıxmasının səbəbini sözügedən ölkələrdə gedən müharibə ilə əlaqələndirib: 



"Bilirsiniz ki, bu ölkələrdə müharibə gedir, infrastrukturda xeyli dəyişikliklər, dağıntılar var, müəyyən dərmanların tapılmaması təbidir. İkinci tərəfdən, Rusiyadan gələn dərmanların ucuz və keyfiyyətli, Avropdan isə gələn dərmanların baha və keyfiyyətsiz olması fikiri ilə qəti razı deyiləm. Əvvala, Avropa istehsalı olan dərmanlar yüksək keyfiyyətə malikdirlər. Sadəcə olaraq, həmin dərmanlar Azərbaycana gəlir, amma üzə çıxmır, satışdakı dərmanlar onların hansısa formada olan analoqlarıdır”. 

Adil Qeybulla hesab edir ki, dərman bazarının bu vəziyyətdə olması ümumi durumla bağlıdır:

"Alternativ yollar tapılmalıdır. Qardaş Türkiyənin özündə dərman sənayesi kifayət qədər inkişaf edib. Hesab edirəm ki, bizim inteqrasiyamız Türkiyə ilə aparılmalıdır. İlkin olaraq müəyyən dərmanların istehsalı və ən azı qablaşdırılması Azərbaycanda aparıla bilər. Bu həm də onun qiymətinin ucuz olmasına gətirib çıxarda bilər”. 

Ekspert təcili olaraq bu sahədə addımların atılmasının vacibliyini vurğulayıb:

"Yəni, biz bununla bağlı müəyyən addımlar atmalıyıq. Çünki qarşıda xeyli dəyişikliklər gözlənilir. Müharibədən sonra nə baş verəcək onu bilmirik. Ona görə də biz öz milli dərman sənayemiz haqqında düşünməliyik”. 

Bahar Rüstəmli