Xəbər lenti

Azərbaycanda hansı universitetlər məzunların iş tapmasına kömək edir? (ARAŞDIRMA)
Ölkə 10:33 22.09.2024

Azərbaycanda hansı universitetlər məzunların iş tapmasına kömək edir? (ARAŞDIRMA)

Bu gün Azərbaycanda əsas müzakirə edilən məsələlərdən biri də universitetdən məzun olan gənclərin işlə təmin olunmasıdır. Gənclər ali təhsil müəssisəsini bitirdikdən sonra bəzən iş tapmaqda çətinlik çəkir, bəzən digər sahələrə yönəlməyə məcbur olurlar.

Bir çox ölkələrdə ali təhsil ocaqları məzunlarının işlə təmin edilməsi, əmək bazarında öz yerini tapması üçün dəstək göstərir. Məsələn ABŞ universitetləri dünyada ən inkişaf etmiş karyera xidmətlərinə malikdir. Milli Kollec və İşəgötürənlər Assosiasiyasının (NACE) məlumatına görə, ABŞ universitetlərinin 85%-də xüsusi karyera mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə tələbələrə karyera məsləhəti, CV hazırlığı, müsahibə hazırlığı və şəbəkələşmə təlimləri təklif edir. Bu xidmətlərdən istifadə edən tələbələrin 60%-dən çoxu məzun olduqdan sonra altı ay ərzində iş tapır.

Almaniyada isə universitetlər şirkətlərlə sıx əməkdaşlıq edir və kooperativ təhsil proqramları təklif edir. "Duales Studium" adlı proqram sayəsində tələbələr təhsil alarkən iş təcrübəsi qazanır və iştirakçıların 90%-dən çoxu məzun olduqdan sonra tərəfdaş şirkətlərdən iş təklifi alır.

Bəs ali təhsil müəssisələri öz məzunlarının bitirdikləri ixtisas üzrə iş tapmasına kömək edirmi?

Modern.az mövzu ilə bağlı universitetlər arasında sorğu keçirib.

Bakı Dövlət Universitetindən bildirilib ki, ali təhsil müəssisəsi Azərbaycanda həyata keçirilən məşğulluq strategiyasına müvafiq olaraq məzunların işə düzəlməsinə dəstək olmaq məqsədilə bir sıra proqramlar həyata keçirir:

"Belə ki, Universitetin Karyera və Məzunlarla iş Mərkəzi vasitəsilə məzunlara əmək bazarına adaptasiya, vakansiyalar barədə məlumat verilməsi və müvafiq iş yerlərinə yönləndirilməsi sahəsində yardım göstərilir. BDU-nun bir çox müəssisə və təşkilatlarla əməkdaşlıq etməsi məzunların daha geniş iş imkanlarına, həmçinin müxtəlif təcrübə proqramlarına çıxışını təmin edir.

Əlavə olaraq, universitetdə keçirilən karyera yarmarkaları, seminarlar, təlim və "workshop” proqramları tələbələrin və məzunların peşəkar bacarıqlarını inkişaf etdirməyə və onların əmək bazarına daha hazırlıqlı şəkildə hazırlanmasına təkan verir. Bu tədbirlərdə iştirak edən tələbə və məzunlar potensial işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq və özlərini tanıtmaq imkanı əldə edirlər.

Universitet məzunlarının işə düzəlmə göstəricilərini izləyir və bu sahədəki trendləri araşdıraraq onların gələcəkdə daha uğurlu olmasına şərait yaradır. İşəgötürənlərlə sıx əlaqələr və innovativ əməkdaşlıq platformaları vasitəsilə məzunların öz ixtisaslarına uyğun işlə təmin olunması Universitetin əsas prioritetlərindən biridir”.

Azərbaycan Dillər Universitetindən bildirilib ki, ADU-da Karyera Şöbəsi fəaliyyət göstərir:

"Bu şöbənin iş prinsipi məzunlara karyera dəstəyi göstərməkdir. Şöbə tələbələrə universitet illərindən etibarən, müxtəlif təlimlər keçir ki, bu təlimlər sayəsində tələbələr əmək bazarında özlərinə uyğun iş tapmaqda çətinlik çəkmirlər. Həmçinin tələbə və məzunlarımız üçün hər il təşkil olunan əmək yarmarkalarında əməkdaşlıq etdiyimiz şirkətlər öz vakansiyalarını bizim tələbələrə təklif edir. Həmçinin rektorumuz akademik Kamal Abdullanın idea müəllifliyi ilə keçirilən "təcrübədən əvvəl təcrübə” layihəsi çərçivəsində isə tələbələrimiz könüllü olaraq müxtəlif aylarda təcrübə keçir, hətta iş təklifi alırlar. Karyera şöbəsi olaraq tələbələrimiz məzun olduqdan sonra da onlarla əlaqə saxlayır, məzunlarımızı əməkdaşlıq etdiyimiz şirkətlərə təklif edirik”.

Azərbaycan Texniki Universitetindən qeyd edilib ki, AZTU daim məzunlarına dəstək olur:

"Məzunlar Karyera günlərinə, karyera sərgilərinə dəvət edilir. Bundan əlavə əməkdaşlıq etdiyimiz DMA və bir çox şirkətlərdə özünüməşğulluq layihələri, özünü inkişaf etdirmək üçün bir çox təlimlərə cəlb olunurlar ki, bunun sayəsində iş tapmaqları asan olur. Bəzi təlimləri və layihələri uğurla başa vurmuş məzunları işlə təmin edilirlər. İş tapmaqda çətinlik çəkən məzunları öz ixtisaslarına uyğun təcrübə proqramlarına cəlb edirik”.

Azərbaycan Universitetindən bildirilib ki, ali təhsil müəssisəsində fəaliyyət göstərən Karyera İnkişafı Departamenti tərəfindən il ərzində müəyyən periyodlarda tələbələrin iş həyatına hazırlanması məqsədilə kayera təlimləri təşkil edilir:

"Təlimlərə tədris etdiyimiz ixtisasların profilinə uyğun müəssisə və təşkilatlardan məruzəçilər dəvət olunur. Hər tədris ilinin sonunda isə olduqca məhsuldar Karyera Günü keçirilir. Hansı ki, u tədbirdə dəvətli şirkət və təşkilatların insan resursları üzrə mütəxəssisləri tələbələrin CV-lərini qəbul edir, öz vakansiya və təcrübə proqramlarını təqdim edirlər”.

Azərbaycan Dövlət İqtisad Universitetindən qeyd edilib ki, ali təhsil müəssisəsində Karyera Mərkəzi fəaliyyət göstərir: "Mərkəz məzunların məşğulluğu istiqamətində bir sıra şirkətlərlə, sektorlarla görüşlər keçirir”.

Xəzər Universitetindən verilən məlumata görə, universitetinin məzunları iş tapmaqda problemlə üzləşmirlər: "Bir çox tələbələr 3-cü ildən sonra işləyirlər. Xəzər universitəsində, həmçinin karyera mərkəzi fəaliyyət göstərir”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən bildirilib ki, ADMİU öz məzununu başqa bir idarə, təşkilat və quruma işə düzəltmək kimi bir imkanı yoxdur:

"Amma universitetimiz daxilində vakant yerlər olanda mütləq ilkin növbədə öz məzunlarımız işə cəlb edilir. Hazırda ADMİU-nun kollektivində çox sayda məzunumuz çalışır. Universitetin daxili siyasətinə uyğun olaraq hər il də məzunlarımızdan işə qəbul olunanlar olur. Ümumiyyətlə isə demək olar ki, Azərbaycanın bütün mədəniyyət və incəsənət müəssəsisələrində, təşkilatlarında, teatrlarda və televiziya kanallarında ADMİU-nun məzunları çalışırlar”.

Bakı Slavyan Universitetində də Karyera Mərkəzi fəaliyyəti göstərir:

"Mərkəz, məzunlarımızın peşəkar karyera yolunda dəstək olmaq məqsədilə müraciət edən şəxslərin tərcümeyi-hallarını uyğun iş yerlərinə yönləndirir. Eyni zamanda, bizə təqdim olunan vakansiyalara uyğun namizədin tapılması üçün zərurət yarandıqda, məzunlarımızla birbaşa əlaqə saxlanılır.  Bu, məzunlarımızın iş tapmasında və gələcəkdə peşəkar inkişafında mühüm rol oynayır”.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirilib ki, ali təhsil müəssisəsində təcrübə və karyera mərkəzi var:

"Bu mərkəz 4 il müddətində tələbə işləyir. Daha sonra isə məzunlarla işləməyə davam edir. Təcrübə və Karyera Mərkəzi vasitəsilə universitet mütəmadi olaraq istehsalat müəssisələri ilə daim əlaqə saxlayır, onların tədrisdə iştirakını təmin edirik və necə mütəxəssis istədiklərini soruşuruq. Onların təkliflərinə uyğun olaraq mütəxəssis hazırlayırıq. Bizim hazırladığımız mütəxəssislər təhsil müddətində həmin müəssisələrdə təcrübə keçirlər. Təhsillərini başa vurandan sonra da əksəriyyəti həmin müəssisələrdə işlə təmin olurlar. Təminatı biz aparmırıq, özləri müssisəyə yaxud müəssisə onlara müraciət edir və işlə təmin olurlar.

Bizdə hər il ənənəvi olaraq hər il karyera sərgisi keçirilir. Bu sərgidə əməkdaşlıq etdiyimiz müəssisələr öz vakant yerlərini təqdim edirlər. Bizim məzun olacaq tələbələrimiz iş yerlərinə, digər kurslarda təhsil alan tələbələrimiz isə təcrübə proqramlarına müraciət edirlər. Beləcə özlərində vərdişlər, iş bacarıqları formalaşdırırlar. Təcrübə və Karyera Mərkəzi tərəfindən CV-lərin hazırlanması ilə bağlı mütəmadi olaraq tələbələrimiz arasında təlimlər keçirilir. Bütün məzunlarımızın CV-ləri toplanır və CV bankı yaradılır. Universiteti bitirdikdən sonra da onların vakant yerlərə yönləndirilməsi, işləyib-işləməməsi, işləyirlərsə bu işin öz ixtisaslarına uyğun olub-olmaması ilə bağlı sorğular təqdim olunur və məlumatlar əldə edilərək qeyd olunur. AZMİU-nun son statistik göstəricilərinə görə, 2023-2024-cü tədris ilində bitirən məzunların hərbi xidmətə yollanan və magistratura təhsilinə davam edənlər istisna olmaqla, 63%-i öz ixtisası üzrə işləyir. Digərləri də başqa sahələrə yönəlib. Məsələn tikinti iqtisadiyyatı üzrə təhsil alan tələbəmiz kurslara yazılıb və bankda kredit mütəxəssisi yaxud digər vəzifədə çalışır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->