Xəbər lenti

Azərbaycanda həbsxanadakı kütləvi davanın TƏFƏRRÜATI
Ölkə09:25 29.11.2014

Azərbaycanda həbsxanadakı kütləvi davanın TƏFƏRRÜATI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda 6 saylı Cəzaçəkmə Müəssisəsində bir müddət öncə kütləvi dava baş verib. Arqument.az-a daxil olan məlumata görə, kütləvi davanın yaranmasına səbəb həbsxanada olan vəhabi təriqətinin üzvləri ilə digər məhbuslar arasında yaranan mübahisə olub. 
Dəhşətli davada yüzlərlə məhbusun yaralandığı bildirilir. 6 saylı CÇM-də cəza çəkən məhbuslardan birinin qohumunun əməkdaşımıza verdiyi məlumata görə, kütləvi dava dini zəmində baş verib: “350 vəhabi həbsdə olan digər məhbusların üzərinə hücum çəkib. 400-dən çox məhbus yaralanıb. Yaralılar helikopter vasitəsi ilə  xəstəxanaya aparılıb. Kütləvi davanı yatırmaq mümkün olmadığından CÇM-ə Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri cəlb edilib. Davaya qarışanları ayrılmaq üçün su şırnaqlarından da istifadə edilib”.
Məlumata görə, dəhşətli davadan sonra 430-a yaxın məhbus karsa salınıb. Kütləvi davada məhbusların əksəriyyəti ağır şəkildə yaralanıb. Bir çoxunun qolu və ayağının sındığı da bildirilir.
Qeyd edək ki, bununla bağlı mətbuatda da məlumatlar yayılıb və Penitensiar Xidmət rəsmi açıqlama yayıb. Qurum məlumatları təkzib edib. Rəsmi açıqlamada bildirilir ki, Bakı şəhəri Nizami rayonunda yerləşən 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən bir qrup məhkum arasında məişət zəminində münaqişə baş verib: “Münaqişənin qarşısı qısa müddət ərzində müəssisə və Penitensiar xidmətin Baş İdarəsinin əməkdaşlarının səyi nəticəsində alınıb.
Daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara bir daha qanunun  tələbləri izah olunub. Müəssisənin normal iş ahənginin pozulmasına yönələn hər hansı hərəkətlərin qarşısının qətiyyətlə alınacağı bildirilib. Münaqişə zamanı müəssisədə cəza çəkən məhkumlar və əməkdaşlar arasında xəsarət alan olmayıb. Hadisə ilə bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədi ilə Bakı şəhəri Nizami Rayon Prokurorluğuna göndərilib”.
Məhbusların qohumları isə bu məlumatlarla razılaşmır, hadisənin təfərrüatlarının gizlədildiyini iddia edirlər. 
Penitensiar xidmətdən isə Arqument.Az-a bildirdilər ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində baş vermiş olayla bağlı bir müddət öncə də məlumat yayılıb. Bununla bağlı qurumun saytında da məlumat yerləşdirilib. 
Qaynar.info