Abşeron rayonunda qardaşı arvadını küt alətlə öldürən şəxs barəsində cinayət işi başlanılıb.
Abşeron Rayon Prokurorluğundan Qaynarinfo-ya verilən məlumata görə, yanvarın 2-də Abşeron rayonu, Qobu qəsəbəsi, Təzəkənd kəndində yaşayan Məmmədova Əqidə Mirzəkişi qızının yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə şahidlərin ifadələri alınmış, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi, kompleks məhkəmə-kriminalistik və biolojı ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Məmmədov Rafiq Həsənoviçin qeyd edilən tarixdə saat 16 radələrində aralarında yaranmış ailə-məişət münaqişəsi zəminində qardaşı arvadı Ə.Məmmədovanı küt alətlərlə baş nahiyəsinə vurmaqla qəsdən öldürməsində əsaslı şübhələr müəyyən olunduğundan şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Ötən gün Cəlilabad rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı da cinayət işi başlanılıb.
Cəlilabad Rayon Prokurorluğundan verilən məlumata görə, yanvarın 2-də Cəlilabad rayonunun Üçtəpə kənd sakini Cəfərova Arzu Rafət qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Sadıqov Hikmət Rafət oğlunun qeyd edilən tarixdə saat 20 radələrində qısqanclıq zəminində bacısı A.Cəfərovanı bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri vurub qəsdən öldürməsində əsaslı şübhələr olduğundan şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.