
Uzun illərdir kartofçuluqla məşqul olan Ağstafa sakini Seymur Budaqov bu il becərdiyi məhsuluna sahib çıxa bilməyib.
Çünki məhsul kütləvi kartof güvəsinə bürünüb. Qurd kəpənək vasitəsilə kartofun gövdəsinə yumurta şəklində qoyulur. Yerli mühitdə il ərzində 6 dəfə yumurta qoyan həşərat daha sonra kartofun üz qabığına zolaqlar çəkir. Bu isə tez bir zamanda iylənmə və çürüməyə gətirir. Belə vəziyyətə düşən məhsulu isə istifadə etmək mümkün deyil.
Sahibkarlar deyirlər ki, zərərverici ötən illə müqayisədə bu il daha da çoxalıb. Bu ili də ziyanla başa vuran fermerlər kartof xəstəliyinin qarşısını almaqda acizdirlər. Müvafiq qurumlara edilən müraciətlər də bir nəticə vermir. Dəyişən zərərvericinin daha da artmasıdır.
İkinci çörək sayılan kartof məhsulunun həyacan təbili tək Ağstafada deyil bütün qərb bölgəsində çalınır. Regionda saxlama kameralarının azlığı, Ağstafada isə ümumiyyətlə olmaması sahibkarların işini daha da çətinə salır. Fermerlər əlavə xərc cəkib məhsulunu evə aparırlar. Asim Aşırov 20 tona yaxın məhsulu küstar üsulla ot altında saxlamaq məcburiyyətində qalıb. Amma bu da çıxış yolu deyil. Ziyanverici məhsulu daha da surətlə məhv edir. Bu səbəbdən sahibkar kartofun idxalını azaltmağı təklif edir.
Məsələ ilə bağlı Ağstafa rayonun müvafiq qurumları sorğuya cavab verməsə də, Tovuz rayonun Bitkilərin Mühafizəsi İdarəsindən bildirdilər ki, kartofdan götürülən nümunələr ekspertizaya göndərilib. Mütəxəssislər “Kartof güvəsi” adlandırılan zərərvericinin məhv edilməsinin yeganə yolunu fimuqasiyada görürlər. Tovuz rayonu bitgilərin mühafizəsi mərkəzinin rəisi, Lalə Şamilova: “Kartof güvəsinə qarşı sahibkarların öz hesabına mübarizə aparılmalıdır.Preparatlarla öz hesablarına fimuqasiya olunmalıdır. “Kartof güvəsi” müşahidə olunan torpaqda növbəti il üçün şumlama işləri dahada dərin aparılmalı torpaqdan bitgilər yığılıb yandırılmalıdır ki qarşısı azda olsa alınsın”.
Mərkəzin rəisi sahibkara 3 il əkdiyi yeri növbəti il başqa əkinlə əvəzləməsini təklif etdi. Bu halda da həşəratların artımı azala bilər.(anspress)