Erməni komandir halı pisləşən əsgəri yolda qoyub gedib.
Ötən gün Dağlıq Qarabağ ərazisində meyiti tapılan erməni əsgərin ölümünün bəzi təfərrüatları məlum olub.
ANS PRESS-in məlumatına görə, əsgər Qrant Qriqoryanın qohumu Norik Avaqyan onun bədənində xəsarət izlərinin olduğunu deyib.
O bildirib ki, əsgərin qohumları onun intihar etməsi ehtimalının az olduğunu deyirlər. “Çünki Qriqoryanın əllərində göyərmə, ayaqlarının və burnunun üstündə isə sıyrıntı izləri var idi. Həmçinin dodaqları bölünmüşdü”, - deyə Norik Avaqyan bildirib.
Onun sözlərinə görə, əsgər təlimə gedərkən özünü pis hiss edib. "O, özünü pis hiss etdiyini komandirinə deyib. Amma onlar Qriqoryanı yolda qoyub gediblər. Onun meyiti tapılanda üzərində zorakılıq izləri var idi. Bizi hiddətləndirən odur ki, əsgəri köməksiz vəziyyətdə qoyublar”, - deyə əsgərin qohumu bildirib.
Qriqoryan 11 ayın əsgəri olub. Onun ailəsi hadisə baş verdikdən sonra Rusiyadan Ermənistana qayıdıblar. Ermənistan ordusunda sonuncu ölüm faktı iyunun 2-də qeydə alınıb.
Əvvəl 1997-ci il təvəllüdlü Xoren Harutunyanın ölümcül yaralandığı barədə məlumat verilib. Daha sonra onun həyatını itirdiyi bildirildi.
Mayın 31-də isə əsgər 1997-ci il təvəllüdlü Suren Armen Mosiyan Qarabağda naməlum şəraitdə qəfildən ölüb.
Həmçinin mayın 26-da Ermənistan ordusunda bir gün ərzində iki əsgərin ölməsi barədə məlumat yayılmışdı. Öldürülən Vaqe Yeqoyanın 10 ayın əsgəri olduğu bildirilirdi. Yeqoyanın ölümünə səbəb olan güllə 19 yaşlı əsgərin başından dəymişdi.
Araşdırmalar nəticəsində məlum olub ki, əsgər mayın 25-də öz xidmət yoldaşı Q.Kosoqoblyan tərəfindən öldürülüb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Kosoqoblyan əvvəl əsgər yoldaşı ilə mübahisə edib. Daha sonra onu qətlə yetirib.
Qaynarinfo.az