"Regionda baş verən hazırkı proseslər, mövcud geostrateji vəziyyətdə Azərbaycanda kütləvi etiraz aksiyalarına çağırışlar etmək yalnız Ermənistana və ona dost, qardaş olan ölkələrə sərf edir".
Bunu Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Sputnik Azərbaycan"a ölkənin radikal müxalifətini birləşdirən Milli Şura rəhbərliyinin mitinq çağırışlarına münasibət bildirərkən deyib.
O qeyd edib ki, Ermənistan və onunla dost olan ölkələr üçün regiondakı hazırkı proseslərin, eləcə də diqqətin başqa istiqamətə yönəldilməsi çox vacibdir. Azərbaycandakı heç bir siyasi qüvvə buna alət olmamalıdır.
Millət vəkili əlavə edib ki, Ermənistanla sərhədlərin demarkasiya və delimitasiyası, həmçinin regionda uzunmüddətli sülhün yaradılması istiqamətində işlərin getdiyi, ölkədə COP29 kimi dünya əhəmiyyətli tədbirlərin planlaşdırıldığı bir vaxtda belə çağırışlar Azərbaycana arxadan zərbə vurmaqdan başqa bir şey deyil.
Xatırladaq ki, Milli Şura 21 aprel tarixinə mitinq təyin edib. Qurum aksiyalar yolu ilə yeni seçkilərin keçirilməsinə nail olmağı və mövcud hakimiyyətin devrilməsini hədəf seçdiyini açıqlayıb.
Şərhlər