Xəbər lenti

Azərbaycanda ölüm hökmü bərpa edilə bilərmi? (ŞƏRH)
Ölkə 16:17 01.10.2025

Azərbaycanda ölüm hökmü bərpa edilə bilərmi? (ŞƏRH)

"Qadın və uşaqlara qarşı ağır cinayətlərə görə ölüm cəzasının bərpası Azərbaycanın beynəlxalq öhdəliklərinə zidd olar".

Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli bir sıra ölkələrdə olduğu kimi qadın və uşaq zorakılığına görə Azərbaycanda da ölüm hökmünün bərpası ehtimalını şərh edərkən deyib.

"Azərbaycanda ölüm cəzası 1998-ci ildə ləğv olunub. Düzdür, qanun qəbul olunarkən xüsusi bir qeyd də var idi ki, müharibə vaxtı ölüm cəzasının bərpası nəzərdə tutulur. 2001-ci ilin dekabrında Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasını, 6 saylı protokolla birlikdə imzalayaraq, ratifikasiya edib. 6 saylı protokol isə ölüm cəzasının ləğvini nəzərdə tutur. Lakin istisna olaraq burada qeyd olunur ki, aşkar müharibə təhdidi zamanı üzv dövlət ölüm cəzasını bərpa edə bilər. İndiyə qədər həmin qayda qüvvəsindədir", deyə Qulamhüseyn Əlibəyli bildirib.
 


Həmsöhbətimiz qeyd edir ki, bundan başqa konvensiyaya 13 saylı əlavə də var: 

"Azərbaycan bu əlavəni 2023-cü ildə imzalayıb. Amma həmin əlavə Azərbaycan üçün qüvvəyə minməyib. O mənada ki, Milli Məclis əlavəni ratifikasiya etməyib. Bu da güman ki, Avrlopa Şurası ilə yaranmış narazılıqla bağlıdır. 13 saylı əlavə bütün hallarda, hətta müharibə dövründə ölüm cəzasının tətbiq edilməsini istisna edən bir protokoldur. Yəni müharibə dövrü istisna olmaqla Azərbaycanda ölüm cəzasının bərpası nəzərdə tutulmur. Bu əsasda Azərbaycan 44 günlük müharibə dövründə ölüm cəzasını bərpa edə bilərdi, amma etmədi. Deməli, buna hüququ olsa da, Azərbaycanda ölüm cəzasının hər hansı bir formada bərpası nəzərdə tutulmur".

Hüquqşünas deyib ki, qadın və uşaqlara qarşı hansısa ağır cinayətlərə görə ölüm cəzasının bərpası Azərbaycanın beynəlxalq öhdəliklərinə zidd olar:

"Buna gedən Qırğızıstan Avropa Şurasının üzvü deyil, Avropa Konvensiyasını imzalamayıb. Ona görə də Qırğızıstan tərəfindən atılması gözlənilən bu addım həmin ölkənin beynəlxalq öhdəliklərinə zidd olmur".

Qeyd edək ki, Qırğızıstan prezidenti Sadır Japarov ölüm cəzasının bərpası ilə bağlı qanun layihəsinin hazırlanmasına göstəriş verib. Prezident uşaqlara və qadınlara qarşı xüsusilə ağır cinayətlərə (uşağa təcavüz və zorlama və qadınların öldürülməsi) görə ölüm cəzasının bərpası ilə bağlı qanun layihəsinin hazırlanmasını tapşırıb. 

Məlumata görə, ölüm hökmünün bərpası barədə qərar 17 yaşlı Karakol sakininin sentyabrın 27-də itkin düşməsindən sonra verilib. Onun meyiti daha sonra Jel-Arık kəndi yaxınlığında (Karakoldan 286 km) tapılıb. Qadın zorlanıb və boğularaq öldürülüb. Prezident vurğulayıb ki, bu cür cinayətlər cəzasız qalmamalıdır. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->