Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.
Anspress-in məlumatına görə, məhkəmədə istintaqının yekunlaşdığı elan olunub. Hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi məhkəmə prosesində cinayət işinə əlavə olunan sənədlərə baxış keçirilib.
Prosesdə qeyd olunub ki, təqsirləndirilən şəxslə bağlı məhkəmə-tibbi və psixoloji ekspertiza keçirilib. Nəticədə məlum olub ki, Arsen Baqdasaryan Azərbaycana keçəndə onun səhhətində və psixoloji durumunda hər hansı pozğunluq qeydə alınmayıb.
Saxlanılan zaman və Azərbaycanda olduğu müddətdə ona qarşı zorakılıq edilməyib. Məhkəmədə həmçinin bildirilib ki, A.Baqdasaryanın özü ilə gətirdiyi minalar Ermənistanın Kirovakan rayonundakı zavodda istehsal olunub.
Arsen Baqdasaryanın növbəti məhkəmə prosesinin may ayının 4-də keçiriləcəyi elan olunub. Həmin gün dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyəcək.
Qeyd edək ki, Ermənistanda xüsusi təlim keçən Arsen Eduardoviç Baqdasaryan Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan Ağdərə rayonu ərazisində yerləşdirilən erməni silahlı qüvvələrinin tərkib hissəsində baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsində fəaliyyət göstərdiyi zaman cinayətkar birliyin digər üzvləri ilə birlikdə 2014-cü il dekabrın 26-da saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub. Cinayət törətməkdə əsaslı şübhələr olduğundan Arsen Baqdasaryan barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Qaynar.info