Biləsuvar rayonunda toy karvanı zamanı ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilir, yaralılar var.
Məlumata görə, ölən şəxslər Cəlilabaddan Ağcabədiyə toya gedirmişlər.
"Yol-nəqliyyat hadisəsi bu gün saat 14:50-də Biləsuvar-Bəhramtəpə yolunun beşinci kilometrliyində, Çaylı kəndi ərazisində qeydə alınıb.
Hadisə VAZ21-124 markalı 15-BV-628 dövlət qeydiyyat nişanlı avtomobillə MAN markalı 07-ZB-938 dövlət nömrə nişanlı yük avtomobilinin toqquşması nəticəsində baş verib. Nəticədə VAZ21-124-ün sürücüsü və dörd sərnişini həyatını itirib. Faktla bağlı araşdırma aparılır", - deyə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü (qadın cinsli) şəxs ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona qapalı kəllə-beyin travması, çoxsaylı yaralar, o cümlədən sağ bud və alt çənə sümüyünü sınığı diaqnozları təyin edilib. Dərhal reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Saat 15:20-də ölüm faktı qeydə alınıb.
Bununla da ölənlərin sayı 5 nəfərə çatıb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər