Son vaxtlar ölkəmizə gələn turistlərin sayında nəzərəçarpacaq qədər artım var. Ötən illərlə müqayisədə bu il Azərbaycanda daha çox turist görmək mümkündür.
Bunun bir səbəbi Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi səbəbindən rus turistlərin Azərbaycana üz tutmasıdır. Rusiya ilə yanaşı digər qonşu ölkələrdən də gələnlərin sayı artıb.
Ancaq ölkədə turistlərin marağını daha çox cəlb edən hostellər demək olar ki, yoxdur. Paytaxtda və bölgələrdə əsasən 4-5 ulduzlu hotellər fəaliyyət göstərir ki, burda da qiymətlər çox bahadır. Bəs Bakıda və bölgələrdə niyə hostellər açılmır?
Məsələ ilə bağlı "Qaynarinfo.Az"a danışan turizm eksperti Sahib Ənsərov bildirib ki, indiyə qədər ölkəyə turist az gəlirdi və bu da hostellərə marağın az olması ilə nəticələnirdi: "Gələn qonaqlar isə iş, bizneslə bağlı səfərə çıxanlar olurdu. Ona görə də VİP səviyyədə xidmət göstərməyə üstünlük verilirdi. Tələbat olduqca, qonaqların sayı artdıqca biznesmenlər hostellər açmağa başlayır. Hazırda Bakıda iki-üç hostel açılır. Rayonlarda da hotellərdən əlvə qonaq evləri tikilir. Tələbat olduqca 3-4 ulduzlu hotellərdə də rəqabət başlayacaq. Bu sahəyə maraq artacaq. İş adamları və biznesmənlər yeni istirahət ocaqları, ucuz qonaq evləri tikməyə üstünlük verəcəklər. Belə olan halda xidmət artır, qiymətlər düşür".
Hostel
Sahib Ənsərovun bildirib ki, yeni açılan hostellərdə qiymət 10 manatdan başlayır. İki nəfərlik otaqlarda qiymət bir nəfər üçün 20 manatdır. 5-6 nəfərlik otaqlarda isə bu 10-15 manatdan başlayır.
Ekspert qeyd edib ki, hotellərdə, qonaq evlərində tursitlərdən və müştərilərdən yalnız şəxsiyyət vəsiqəsi tələb olunmalıdır: "Turizm qanunda "Nigah şəhadətnaməsi" tələbi yoxdur. Bu sadəcə istirahət mərkəzlərinin özlərinin qoyduğu qaydadır. Dövlət belə bir qanun qəbul etməyib".
Bakı hotel
Sahib Ənsərov vurğulayıb ki, Azərbaycanda hostel anlayışı yeni formalaşır: "Tələbat olduqca, say artacaq. Əvvələr hostellər azlıq təşkil edirdi, rayonlarda isə yox idi. İndi qonaq evləri artırılır. Kənd evlərini kirayə verirlər. Yerli sakinlər də turizmə maraq göstərir. Xarici qonaqlar 5 ulduzlu hotel xoşlamırlar. Onlar üçün hətta çadırda qalmaq daha maraqlıdır. Bu qonaqlar VİP xidmətləri səviyəsini keçiblər. Ona görə də 5 ulduzlu otellər, bahalı yerlər onlar üçün maraq kəsb etmir. Onlar əsasən təbiəti gəzmək, tarixi abidələri, kənd yerlərindəki insanların fərqli mədəniyyətini görmək, fərqli yeməklər dadmaq istəyirlər. Demək olar ki, 95 faiz turistlər ucuz yerlərə üstünlük verir".
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov "Qaynarinfo.Az"a açıqlamasında bildirib ki, hostel tikmək üçün heç bir lisenziya tələb olunmur: "Əvvələr lisenziya var idi, amma sonradan ləğv olunub. Sadəcə, hostel işlətmək üçün müvafiq orqanlardan sənədlər alınır və vergi ödənir".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az
Şərhlər