Xəbər lenti

Azərbaycanda uşaqların sayı niyə azalıb? - İqtisadçı ekspert
Ölkə 18:35 10.06.2025

Azərbaycanda uşaqların sayı niyə azalıb? - İqtisadçı ekspert

Bakı Araşdırmalar İnstitutunun (BAİ) Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, Azərbaycanda uşaqların sayı azalıb. 

Məlumatda qeyd edilir ki, 1990-cı ildə Azərbaycanda 17 yaşa qədər uşaqlar ölkə əhalisinin 38,5 %-ni təşkil edirdisə, 2023-cü ildə bu göstərici təxminən 26 %-ə düşüb. 1990-cı ildə bu yaş qrupu üzrə əhalinin sayı 2 milyon 780 mindən çox olduğu halda, 2023-cü ildə 5,3 % azalaraq 2 milyon 633 min nəfərə düşüb. 
 
Azalmanın daha çox qız uşaqları hesabına baş verdiyi müşahidə olunur. Oğlan uşaqlarının sayı ötən dövrdə 1,8%, qız uşaqları isə 9% azalıb.

İqtisadçı ekspert Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, bunu yalnız uşaqpulunun verilməməsi ilə əlaqələndirmək doğru deyil:

"Amma uşaqpulunun verilməməsi də bu məsələyə təsirsiz ötüşmür. Əhalinin iqtisadi vəziyyəti pisləşdikcə, ailələrdə yaşayan gənclər ailə qurmaq istəmir. Onlar düşünür ki, ailə qursalar, əlavə qayğılar yaranacaq. Bu qayğıları da qarşılaya bilməyib, pis vəziyyətə düşəcəklər. Odur ki, bəri başdan evlənmirlər”. 
 


Akif Nəsirli hazırda ölkə üzrə ailə qurmayan 30-40 yaş arasında oğlan və qızların üstünlük təşkil etdiyini vurğulayıb:

"Bu, əsas faktorlardan biridir. Məsələn, gənc cütlük bilsə ki, ailə qurandan sonra onun övladını saxlamasına dövlət dəstək verəcək, o zaman evlənməkdə tərəddüd edənlərin bir çoxu evlənmək qərarı qəbul edər. Dolayı formada uşaqpulunun verilməməsi uşaqların sayının azalmasına təsir edir. Amma ümumilikdə uşaqların sayının azalmasının kifayət qədər geniş səbəbləri var. Bu, həm iqtisadi, həm əxlaqi, həm də psixoloji səbəblərdir. Bura geniş spektrli amillər təsir edir”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->