Hərbi ekspert Natiq Malıyevin sağlıq durumunda heç bir problem olmadığını deyir və məsələnin obyektiv araşdırılmasını istəyir
Azərbaycan ordusunun zabiti intihar edib. Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayon ərazisindəki hərbi şəhərcikdə qeydə alınıb.Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Natiq Malıyev yaşadığı evdə özünü asıb. Hadisə yerində rayon prokurorluğunun əməkdaşları gəlib, intiharın səbəbləri araşdırılır.
“Natiq Malıyevin intiharı yanlış kadr siyasətinin nəticəsidir”. Bu sözləri “Yeni Müsavat”a hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, polkovnik-leytenant bu yaxınlarda müdafiə naziri Zakir Həsənovun əmri ilə vəzifəsindən uzaqlaşdırılıb: “Natiq Malıyevin sağlıq durumunda heç bir problemi yox idi. Müdafiə Nazirliyinin rəhbərliyinin yanlış kadr islahatları onun da xidmətində dəyişikliklərə səbəb olmuşdu. Müdafiə Nazirliyində əcaib kadr siyasəti elə əndirəbadi formada aparılır ki, peşəkarlıqları dillər əzbəri olanlar tutduqları vəzifələrdən çıxarılır və ya qeyri-peşəkarların rəhbərliyi altında işləməyə göndərilirlər. Belə bir faktı nəzərinizə çatdırım; bir il əvvəl baş nazirin müavini Yaqub Eyyubovun rəhbərliyi ilə keçən təlimlərdə polkovnik Aqil Hüseynov 100 faizlik nəticə göstərmişdi. Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra Aqil Hüseynovu Altay Mehdiyevə yaxın olub deyə vəzifədən çıxardı. Belə kadr siyasəti ilə orduya ziyan vururlar”.
Ü.Cəfərov N.Malıyevin həyata keçirilən həbslər və cinayətlərlə əlaqəsinin olmadığını da söylədi: “Natiq Malıyev uzun müddət Hərbi Hava Qüvvələrində çalışıb. Hesab edirəm ki, bu zabitin ölümündə Müdafiə Nazirliyi rəhbərliyinin də günahı var. İşdən çıxarılması ilə yanaşı, başqa səbəblər də var. Amma qoy, bunu Müdafiə Nazirliyi özü açıqlasın. Dəli deyildi ki, özünü assın. Dəli idisə, orduda saxlamazdılar. Sağlam idisə, deməli, ona qarşı hansısa addımlar atılıb ki, özünü asıb. Hansı addımların atıldığını prokurorluq hərtərəfli araşdırmalı, ortaya qoymalıdır”.
Hərbi ekspert bir qədər əvvəl Silahlı Qüvvələrin Baş Koordinasiya İdarəsinin yaradıldığını və Müdafiə Nazirliyi Baş Qərargah rəisi Nəcməddin Sadıqovun köməkçisi Elxan Məcidovun həmin vəzifəyə təyin edildiyini də söylədi: “Elxan Məcidovun adı dəfələrlə rüşvət və korrupsiyada hallanıb. Bu adam Müdafiə Nazirliyinin Mərkəzi Aparatına kimi istəyirsə yerləşdirir. Üstəlik, Nəcməddin Sadıqov ona general verdirmək istəyir. Elxan Məcidov özünün qadın cinsindən olan tanışlarını idarə rəisi təyin etdirir və peşəkar, öz işini mükəmməl bilən zabitləri həmin qadına tabe edir. Bu cür ”kadr islahatları" bu gün Azərbaycan ordusunun peşəkarlardan təmizlənməsinə səbəb olur. Əsəbi, gərgin mühit yaradır".