Növbəti illərdə Azərbaycanda arıçılıq ixtisası üzrə kadrlar hazırlana bilər.
Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov belə bir təkliflə çıxış edib.
O bildirib ki, hazırda arıçılıq sektoru ixtisaslı kadr çatışmazlığı problemi yaşayır. Bu isə ilk növbədə arıçılığın inkişafına və məhsuldarlığa mənfi təsir göstərir. Problemin həlli istiqamətində hazırda assosiasiya yeni təklif üzərində işləyir.
Təklif ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Vüqar Hüseynov ''Xəzər Xəbər''ə bildirib ki, nazirlik hər zaman bu cür təşəbbüsləri müsbət qarşılayır. Çünkü arıçılıq məhsulları ixrac potensialı yüksək məhsul hesab edildiyindən hər zaman dövlətin dəstəyi var. Vüqar Hüseynovun sözlərinə görə, əgər nazirliyə rəsmi şəkildə təklif gəlsə, Azərbaycan Dövlət Aqrar Universitetində belə bir ixtisas açıla bilər.
Vüqar Hüseynov onu da bildirdi ki, təklif qəbul edildiyi təqdirdə növbəti ildən arıçılıq ixtisası universitetin proqramında yer alacaq.