"Təəssüf ki, Azərbaycanı da demoqrafik tənəzzül gözləyir. Boşanmaların sayı buna sübutdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, yaxın 10 illikdə əhalinin sayında azalmalar olacaq.
"Belə proqnozlar var. Doğulanlar, ölənlər və qocalan əhalinin sayına baxanda real təhlükə hiss olunur. İnsan sayı azalırsa, bu o deməkdir ki, nə vaxtsa əraziyə başqa millətlərin nümayəndələri, sayı daima artan əhali gələcək. Tarixin hansısa dönəmində biz öz torpaqlarımıza sahib olmayacağıq. Bu tarixən də belə olub, əraziləri sayı artan əhali tutacaq”, deyə Əkrəm Həsənov bildirib.
Ekspert deyir ki, bunun səbəbi bu gün ailələrin 1-2-dən artıq dünyaya uşaq gətirmək istəməməsidir:
"İndi gənc ailələrin bir şüarı var -"iki uşaq bəsdir, ona yaxşı həyat və təhsil verək”. Bu, əslində insanların özünü aldatmasıdır. Ailələr bu qərarı özlərinin rahatlığına görə edirlər. Ailələr əziyyət çəkmək istəmir, deyirlər 5 günlük dünyadır, istədiyimiz kimi yaşayaq, qazancımızı özümüzə sərf edək. Demirəm ki, bu yanaşma səhvdir, hər kəs həyatını özü seçir. Amma bu yanaşma son nəticədə əhalinin sayının azalmasına gətirəcək”.
Əkrəm Həsənov deyir ki, ailədə uşaqların sayı ən azı 3-4 olmalıdır.
Bahar Rüstəmli