Xəbər lenti

Azərbaycanın ən "qərib" oliqarxının torpaq və hamam azarı - REPLİKA
Ölkə12:08 26.05.2014

Azərbaycanın ən "qərib" oliqarxının torpaq və hamam azarı - REPLİKA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Komitə sədri Qərib Məmmədovun ölkənin ən varlılar sırasına qoşulmasının qaranlıq tərəfləri

 Azərbaycanda oturuşmuş sistem varkən, bir də onun içindəki oturuşmuş oliqarxlara diqqət yetirmək lazımdır. Sayları çox və adları dillər əzbəri olmuş belə şəxslərin bəziləri üzdədirsə, bəziləri də «kölgəyə» çəkilmiş şəkildə işlərinə davam edirlər. Amma…

Azərbaycanda Dövlət Torpaq və Xəritəçəkmə Dövlət Komitəsi deyilən bir qurum var. Başında da Qərib Məmmədov dayanır. Uzun illərdir eyni postu tutan bu şəxsin adı mətbuatda bəzən intensiv şəkildə hallansa da, bir çox hallarda ümumiyyətlə, çəkilmir. Onun rəhbərlik etdiyi qurumda isə durum ağırdır: kəndlilər torpaq dərdində, komitə rəhbəri isə daha çox komfort həyat axtırışında...

Torpaq problemi dedikdə şübhəsiz ilk ağıla gələn kəndlər olur. Çünki əkin, biçin işləri birbaşa onlara aiddir. Amma kəndlilərin üzləşdikləri torpaq problemlərini çözməli olan komitə ya yerində deyil, ya da baş verənlərdə bilavasitə əli olan tərəf kimi çıxış edir. Məsələn, bu gün əksər rayonlarda fəaliyyət göstərən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbələri camaatın əsl qənimi kimi çıxış edirlər. Onlar xəritə üzərində istədikləri kimi xətlər çəkib, birinə çox, birinə isə lap az torpaq sahəsi verəcək qədər özlərindən müştəbehdirlər.

Biz hələ ayrı-ayrı rayonlarda insanların qanuni torpaq sahələrinin əllərindən zorla alınması və başqalarına satılmasından bəhs etmirik. Çünki bu məsələyə baş vurduqda işin içindən dəhşətli və biabırçı olaylar çıxır. Hərçənd bu alış-veriş məsələsinin bir ucu yekunda komitə sədri Qərib Məmmədova gəlib çıxır. Çünki torpağı əlindən alınmış vətəndaş da, onun torpağını başqasına satmış şöbə müdiri də komitə sədrinə üz tutur. Biri şikayət edir, digəri isə aldığını bölüşmək üçün gəlir.

Bu gün Azərbaycanda dəbdə olan əsas məsələlərdən biri də Rusiyada yaşayan həmyerlilərimizin adına olan torpaq sahələrinin əllərindən alınmasıdır. Araşdırmalarımıza görə, uzun illər qonşu ölkədə yaşamış azərbaycanlılar qeydiyyatda olduqları rayondakı torpaq sahəsindən ya xəbərsizdirlər, ya da çoxdan unudublar. Amma günün birində geri dönərək, dövlət tərəfindən onlara verilmiş pay torpaq sahəsində ev tikmək istəyirlər. Və məlum olur ki, torpaq yoxdur, amma onun üzərində başqa birinin evi var.

Qeyd edək ki, yerli torpaq şöbələri birmənalı olaraq «boş» və «nəzarətsiz» hesab etdikləri həmin torpaq sahələrinin sənədlərini «düzəldərək» onları əvvəlcə özünküləşdirir, sonra isə yaxşı pul verən müştəriyə satırlar. Belə halların Cənub bölgəsində və Tovuz-Qazax zonasında yaşandığı xüsusi olaraq diqqəti çəkir. Satılan torpaq sahələrindən əldə olunan pullar isə şöbə müdirlərinin iddiasına görə, Qərib Məmmədova çatır.

Lakin komitə sədrinin qazanc yeri təkcə satılan torpaq sahələrindən ibarət deyil. Həm də iri torpaq sahələrinin ələ keçirilməsi, onların üzərində balıq vətəgələrindən tutmuş, əkin sahələrinə kimi istifadə edilməsi də bu sıradadır. İri fermer təsərrüfatlarının yaradılması, heyvandarlıq komplekslərinin qurulması da Qərib Məmmədovun biznesi daxilindədir.

Hərçənd Qərib Məmmədovun bir başqa hobbisi də var. O da özünə istirahət otağının hazırlanmasından ibarətdir. Hələ bir müddət əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini araşdıran Audit Palatasının əməkdaşları komitə sədrinin kabinetində qəribə hadisə ilə üz-üzə qalıblar. Aydın olub ki, Qərib Məmmədovun iş otağının arxasında istirahət otağı ilə yanaşı, hamam da olub. Gördükləri mənzərədən şoka düşən audit əməkdaşlarına komitə sədrinin köməkçisi izah edib ki, Qərib Məmmədov hər gün ərzində ən azı iki dəfə bu hamamın imkanlarından yararlanmalı olur. Səbəbi də o gösətrilib ki, sədr gigeyenik məsələlərə həssas yanaşır.

Gülüşlə qarşılanan olay yuxarı dairələrə də məruzə edilir və Prezident Administrasiyasından Qərib Məmmədova son xəbərdarlıq gəlir ki, hamam dərhal bağlanmalıdır.

Komitə sədrinin bir sıra iri şirkətlərinin olduğuna dair də bilgilər var. Amma başqa məmurlardan fərqli olaraq, Məmmədov həmin obyektlərini gizlətməyə və ictimaiyyətin gözündən yayındırmağa nail olub.

Maraqlı məqamlardan biri də odur ki, Qərib Məmmədov bir ara siyasi proseslərə də qoşulmaq fikrində olub. Hətta onun bu istiqamətdə bəzi addımlar atdığı, lakini təhlükəli vəziyyətlər yarandığından geri çəkildiyi deyilir. Düzdür, onun belə bir istəyinin olub-olmadığnın faktiki mövcudluğu barədə hər hansı bir məlumat yoxdur. Amma komitə sədrinin həmin prosesin içində ola biləcəyi istisna edilmir.

Qaynar.info