
1960-cı il mayın 26-da Mingəçevirdə anadan olub.
İxtisasca mühəndis-elektrik və iqtisadçıdır. Onlarla səmərəli və elmi təklifin müəllifidir.
Əmək fəaliyyətinə Şəkidə başlayıb, sonradan bizneslə məşğul olub.
2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Hazırda Şəki Şəhər İcra Hakimiyyətinin başçısıdır.
Azərbaycanda xalqla məmurlar arasında Fironla Misir xalqı arasındakı kimi bir "sevgi" mövcuddur. Hətta "İcra başçıları" silsiləmizdəki müsbət yanaşmalara da xeyli aqressiv şərhlər gəlir. Artıq xalq yaxşı icra başçısının olduğuna şübhə ilə yanaşır.
Elə fikrini öyrəndiyimiz onlarla şəkilidən yalnız biri icra başçısı Elxan Usubov haqqında müsbət fikir söylədi.
Apardığımız araşdırma zamanı bəlli oldu ki, adıçəkilən icra başçısı digər həmkarları kimi dövlət büdcəsindən şəhərin abadlaşdırılmasına ayrılan vəsaiti istədiyi kimi xərcləyir.
Deyilənlərə görə, digər həmkarlarından daha çox mütaliəsi ilə seçilən bu intellektual başçı Türkiyənin məşhur serialı - "Kurtlar Vadisi"sinin daimi izləyicisidir.
Qeyd edək ki, Elxan Usubov ölkənin ən varlı icra başçılarından biri sayılır.
Deyilənlərə görə, o, bu sərvəti hələ icra başçısı olmazdan qabaq, bizneslə məşğul olduğu vaxtlar toplayıb. İndi isə digər həmkarları kimi tenderlərdən xeyli gəlir əldə edir.
Bir müddət öncə mətbuat Elxan Usubovla Şəki şəhərinin polis rəisi Azad Məmmədov arasında icra hakimiyyətində keçirilən tədbirdə mübahisə düşdüyünü yazmışdı.
Belə ki, E.Usubov icra başçısı təyin olunandan bir neçə gün sonra xarici ölkələrdən birinə səfər edib. Səfərdən qayıdan Elxan Usubov rayonun rəhbər vəzifəli şəxsləri ilə tanışlıq görüşü keçirib. Bu görüşdə iştirak edən Şəkinin polis rəisi Elxan Usubovdan gözləmədiyi münasibətə dözməyərək tədbiri yarımçıq tərk edib. E.Usubov sadəcə Azad Məmmədovun polis rəisi olmasına şübhə ilə yanaşıb.
Yeri gəlmişkən, Elxan Usubov baş prokurorun birinci müavini Rüstəm Usubovun əmisi oğludur. O, həm də ədliyyə naziri Fikrət Məmmədova yaxın şəxs sayılır.
İnterpress.az