Xəbər lenti

Siyasət 19:25 18.09.2023

"Azərbaycanın istədiyi bu idi və ona da nail oldu" - Politoloq

"Hər iki yolun paralel işləməsi Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyası istiqamətində atılan növbəti uğurdur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Ağdam-Xankəndi və Laçın yollarının paralel işləməsinin nəyin göstəricisi olduğunu şərh edərkən deyib. 

Əlimusa İbrahimov bildirib ki, Ağdam-Xankəndi və Laçın yollarının paralel açılmasına müxtəlif aspektlərdən baxmalıyıq: 

"Azərbaycan prizmasından baxanda, atılan bu addımı ölkəmizin növbəti qələbəsi kimi qiymətləndirməliyik. Azərbaycan Ağdam-Xankəndi yolunun açılmasına, ermənilər isə buna imkan verməməyə çalışırdı. Ermənilər uzun müddət Laçın yolunun açılmasında israr edirdi. Nəhayət ki, onlar və bütün dünya qəbul etdi ki, bu iki yol paralel işləməlidir”. 
 


Ekspert onu da qeyd edir ki, həmin yollar paralel işləmələrinə baxmayaraq, eyni funksiya daşımayacaq: 

"Laçın yolunun funksiyası başqa, Ağdam-Xankəndi yolunun funksiyası isə tamam başqa olacaq. Laçın yolu ilə digər ölkələrdən, eləcə də Ermənistanın özündən Azərbaycan ərazisinə yüklər daxil olacaq və burada proses beynəlxalq qanunlara əsasən tənzimlənəcək. Ağdam-Xankəndi yolu vasitəsilə isə humanitar məqsədli yüklər keçəcək. Yəni ərzaq, yemək, təchizat, təminat kimi məsələlər Ağdam-Xankəndi yolu ilə göndəriləcək. Digər məsələlər, tikinti materialları, yanacaqla təchizat məsələləri isə Azərbaycan qanunlarına cavab verməklə, gömrük sərhəd-buraxılış məntəqəsində sənədləşməklə ölkəmizin sərhədindən keçəcək. Azərbaycanın istədiyi bu idi və ona da nail oldu”. 

Ə. İbrahimovun fikrincə, bu prosesdən sonra Azərbaycanın reinteqrasiya yolunda atacağı sonrakı addım Xankəndiyə doğru irəliləməkdən ibarət olmalıdır: 

"Ona görə də reinteqrasiya yolunda növbəti addım prosesə əngəl olan qanunsuz silahlı tör-töküntülərin Qarabağdan çıxarılmasıdır. Artıq mətbuatda da xəbərlər gedir ki, Qarabağdakı qanunsuz silahlı dəstələr tələbə adı altında oradan çıxarılır”.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->