Cəmi 2 ay öncə kimsə desəydi ki, qısa müddətdən sonra Azərbaycan əsgərləri Şuşada yallı gedəcək, nəinki düşmənlərimiz, heç ən nikbin azərbaycanlı belə buna inanmazdı. Lakin rəşadətli ordumuz Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında inanılmazı mümkün etdi. Xəyalın gerçəkliyə çevrilməsi cəmi 44 gün çəkdi...
Hər şey Ermənistan silahlı qüvvələrinin ardıcıl təxribatlarından sonra sentyabrın 27-də səhər saatlarında başladı. Həmin gün Ermənistan növbəti dəfə hərbi təxribata əl atdı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçərək birbaşa mülki əhalini hədəfə aldı. Uzun illərdir torpaqlarının Ermənistan tərəfindən işğalına dözərək beynəlxalq təşkilatlardan, dünyada söz sahibi olan dövlətlərdən ədalət gözləyən Azərbaycanın səbr kasası daşdı və… Nəhayət, gözlənilən əks-hücum, düşməni sülhə məcburetmə əməliyyatları başlandı. Özü də geniş miqyasda…
Qarabağ uğrunda II Vətən müharibəsində ölüm-dirim savaşına qalxan ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Dağlıq Qarabağı və ətraf rayonları düşməndən bir-bir azad etməyə başladı. Elə ilk gündən düşmənə sarsıdıcı zərbələr vuruldu və Azərbaycan əsgəri tərəfindən ermənilərin təkcə cəbhəboyu mövqeləri deyil, ümumilikdə öz orduları haqqında yaratdıqları yenilməzlik mifi də dağıdıldı. Ermənistan orudunun ön müdafiə xətti yarıldı, çox qısa zamanda strateji əhəmiyyətli yüksəkliklər və bir neçə kənd işğaldan edildi. Bu, Azərbaycan ordusunun özünə, xalqın isə ordusuna inam və güvənini daha da artırdı. Bütün xalq - siyasi əqidəsindən, etnik və dini mənsubiyyətindən, peşə və vəzifəsindən asılı olmayaraq hər kəs, Ali Baş Komandanın ətrafında bir yumruq kimi sıx birləşdi. Güclü dövlət-xalq-ordu birliyi yarandı.
Minlərlə azərbaycanlı gənc düşmənlə vuruşmaq, cəbhədə ön sıralarında olmaq üçün hərbi səfərbərlik şöbələrinə axışdı. Uşaqdan tutmuş böyüyə hamı bacardığı qədər həm ordu, həm də cəbhəyanı ərazilərdə yaşayan insanlara maddi və mənəvi dəstək göstərməyə çalışdı. Bu birliyimiz ərazi bütövlüyümüzün bərpa olunmasında vacib şərtlərdən birinə çevrildi. Dünya ictimaiyyəti bir daha anladı ki, bütün Azərbaycan xalqı nəinki mübarizəsindən dönməyəcək, hətta Vətəni uğrunda canından belə keçməyə hazırdır.
Beynəlxalq hüquqa söykənərək öz ərazi bütövlüyünü bərpa etmək uğrunda Azərbaycanın mübarizə və qələbə əzmini ona hərtərəfli təzyiq göstərməyə çalışan dövlətlər və beynəlxalq təşkilatlar da qıra bilmədi. Lakin bu haqq yolda bizə siyasi və mənəvi dəstək verən ölkələr də oldu. Bunların arasında ilk növbədə Türkiyə və Pakistanın adlarını xüsusi qeyd etmək lazımdır. Ələlxüsus, dost və qardaş Türkiyənin Azərbaycana hər zamankı kimi dəstək olması, nəinki siyasi, hətta hərb meydanında da onun yanında olmağa hazır olduğunu bəyan etməsi hadisələrin sonrakı gedişinə də təsirsiz ötüşmədi.
Nəhayət, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 27-28 ildir qəbul etdiyi, lakin heç kim tərəfindən icra edilmədən kağız üzərində qalmış qətnamələrini özü həyata keçirməyi bacardı. Qələbəyə doğru inamla irəliləyən ordumuz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkam və mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini və bazalarını darmadağın etdi. Azərbaycan torpaqları qarış-qarış, addım-addım, kəndbəkənd işğaldan azad edildi.
Cəmi 44 gün ərzində Silahlı Qüvvələrimiz bir-birinin ardınca şəhər, qəsəbə, kəndlərimizi və çoxsaylı strateji yüksəklikləri, o cümlədən Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Ağdərə (indiki Tərtər) və Laçın rayonlarının kəndlərini işğaldan azad etdi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Noyabrın 8-də isə Ali Baş Komandan cənab İlham Əliyev mədəniyyət beşiyimiz, Qarabağın ürəyi hesab edilən Şuşa şəhərinin erməni işğalından azad edilməsi barədə xalqı müjdələdi. Həmin gün hər bir azərbaycanlı bu xəbəri böyük sevinc və coşqu hissi ilə qarşıladı.
Şuşanın azad edilməsi düşmənə əsl sarsıdıcı zərbə oldu və Ermənistanı faktiki kapitulyasiyaya məcbur etdi. Nəhayət, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən birgə bəyanat imzalandı. Bu sənəd Ermənistanın təslimçilik aktı oldu.
Beləliklə, Ali Baş Komandanın qətiyyətli və əzmkar mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, ordu ilə xalqın yenilməz birliyi, həmrəyliyi nəticəsində düşmən tam məğlub edildi, 10 noyabr çoxəsrlik dövlətçilik tarixinə şanlı qürur səhifəsi - Zəfər Günü kimi yazıldı.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də noyabrın 10-nu tarixi gün adlandırıb: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.
Üçtərəfli qaydada imzalanan bu bəyanat birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən beynəlxalq hüquqi sənəddir. Sənəd tərəflərin üzərinə konkret öhdəliklər qoyur və icrası da məcburi xarakter daşıyır. Sənədə əsasən, Ermənistan Respublikası konkret qrafik əsasında Azərbaycan Respublikasına Kəlbəcər, Ağdam və Laçın rayonlarını qaytarır, Şuşa şəhəri isə Azərbaycanın nəzarəti altında qalır. Bundan əlavə, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Həmçinin, daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara geri qayıdır, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir, Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi təmin edilir.
Beləliklə, 30 ildir davam edən münaqişə ordumuzun sayəsində cəmi 44 günə Ermənistan üçün total məğlubiyyətlə başa çatdı və sülh əldə olundu. Maraqlı da olsa, düşmən sülhə hərb yolu ilə məcbur edildi. Əldə olunan bu sülh təkcə və Azərbaycan və Ermənistan üçün deyil, bütün regionun siyasi və iqtisadi xəritəsini dəyişəcək, onun inkişafına töhfə verəcək.
Azərbaycan ordusunun 44 günlük müharibə dövründə tətbiq etdiyi strategiya isə təkcə ölkənin deyil, dünyanın hərb tarixinə şanlı, yaddaqalan səhifələr yazdı. Hətta ən optimist hərbi ekspert belə həm coğrafi mövqeyinə, həm də təşkil edilən müdafiəsinə görə alınmaz qala hesab edilən Şuşanın ağır silahlar və artilleriya olmadan, üzüyuxarı qayalara dırmaşan, özü ilə yanaşı çiynində yaralı yoldaşını da daşıyan Azərbaycan əsgəri tərəfindən yüngül silahlarla, bəzən isə əlbəyaxa döyüşə girməklə azad etməsinə inanmırdı. Yəqin ki, bu barədə hələ çox yazılacaq, çox danışılacaq. Şübhə etmirik ki, təkcə elə Şuşa şəhərinin düşməndən azad edilməsi hərbi dərsliklərə salınan hadisə olacaq.
Əldə olunan bu qələbə hər bir azərbaycanlını qürurlandırır. İnanırıq ki, ermənilər tərəfindən barbarlıqla tamamilə məhv edilərək dağıdılmış ərazilərimiz bir müddətdən sonra yenidən dirçələcək, orada böyük quruculuq işləri görüləcək, bütün Qarabağ yenidən cənnətə çevriləcək və orada yalnız Azərbaycan bayrağı dalğalanacaq. Əminik ki, işğaldan azad edilmiş bütün ərazilərdə insanların rahat yaşayışı, sosial rifahı təmin ediləcək, oradakı bütün dövlət strukturlarının, hüquq-mühafizə orqanlarının, o cümlədən məhkəmələrin fəaliyyəti tam bərpa ediləcək.
Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılan bu qələbəni ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və Ali Baş Komandan İlham Əliyevin davam etdirdiyi uzaqgörən siyasəti, qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.
Bu qələbə dövlətimizin, xalqımızın, ordumuzun qələbəsidir!
Raqib Qurbanov
Bakı Apellyasiya Məhkəməsinin hakimi, Kommersiya Kollegiyasının sədri