Qubada yaşayan Kəbirovlar ailəsinin kəşfi - “Vollanco” dili
Quba rayonunun Qorxmazoba kənd sakini Niyaməddin Xalis 8 xarici dil öyrənib.
Qaynar.info Regional TV-yə istinadən xəbər verir ki, Quba rayonunun Qorxmazoba kəndində yaşayan Surəddin Kəbirovun 61 yaşı var. 1978-ci ildə indiki Slavyan Universitetinin rus dili müəllimliyi fakültəsini bitirdikdən sonra ixtisası üzrə dərs deməyə başlayıb. 30 illik müəllimlik təcrübəsi olan Surəddin Kəbirov eyni zamanda Azərbaycan, rus və tat dillərində mindən çox şeirin və bir sıra rəsmlərin müəllifidir.
Surəddin Kəbirov deyir ki, onda olan bacarıq bir növ soy-kökündən gələn qeyri-adi bir ənənə ilə bağlıdır. Şairin sözlərinə görə, qohumluq əlaqələrində olduqları bütün ailələrdə dünyaya gələn uşaqlar ya əkiz, ya üçəm, ya da lal doğulurlar.
Şairin 37 yaşlı oğlu Niyaməddin Xalis 8 xarici dil bilir. Niyaməddin Xalis rus, tacik, əfqan, fars, alman və millətlərarası dil olmaq məqsədilə yaradılan “esperanto” dillərində sərbəst danışır. O, həmçinin millətlərarası vahid və rahat danışıq dili yaratmaq məqsədilə uzun illər araşdırmalar aparıb. Bununla da “Vollanco” adlandırdığı yeni dilin layihə formasını yaradıb.
Qeyri-adi zəkaya malik olan bu gənc hal-hazırda dil-ədəbiyyat fənnini tədris etməklə yanaşı, həvəskar şagirdlərə xarici dillərdə yazıb-oxumağı öyrədir.