
Qaynar.info xəbər verir ki, Türkiyə və Azərbaycanın dövlət himnləri ilə başlanan konfransda əvvəlcə Süleyman Dəmirəl Universitetinin müəllimi Doç. Dr. Timuçin Kodaman çıxış etmiş və Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin tarixinə nəzər salmışdır. Əsasən XX əsr Türkiyə-Azərbaycan münasibətləri haqqında danışan Timuçin Kodaman maraqlı faktlar açıqlayıb. Onun ardınca TRT AVAZ kanalının hazırladığı “Xocalı” adlı sənədli film izlənilib.
Daha sonra TURSAM başqanı Əhməd Şahidov kürsüyə qalxmış və Türkiyə-Azərbaycan arasındakı münasibətlərin bugünkü durumu barədə tələbələrə geniş məlumat verib. Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” sözləri ilə çıxışına başlayan Əhməd Şahidov Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırlamış və bu iki şəxsiyyətin qurub yaratdığı iki qardaş ölkənin bugünkü əlaqələrini yüksək qiymətləndirib. Türkiyə və Azərbaycan arasındakı iqtisadi, siyasi və strateji əlaqələrlə yanaşı, tarixi, mədəni bağlılığı da xüsusi vurğulayan Əhməd Şahidov iki ölkə arasındakı bu münasibətlərin dünyada analoqu olmadığını diqqətə çatdırmışdır.
Çıxışı zamanı Bəxtiyar Vahabzadə, Ziya Gökalp və digər şairlərdən şeirlər söyləyən TURSAM başqanı Əhməd Şahidov özünün müəllifi olduğu “Ben Türküm” şeirini səsləndirmiş və tədbir iştirakçılarının coşqulu alqışlarına səbəb olmuşdur. Tədbirin sonunda Süleyman Dəmirəl Universiteti adından Əhməd Şahidova təşəkkür plaketi təqdim edilmiş və xatirə fotosu çəkilib.
Qaynar.info