Qədimdən dünyanın ən görkəmli hökmdarlarından tutmuş günümüzün hegemon dövlət başçılarına qədər hər birinin yanında daim astroloqlar olub. Bu artıq qəbul olunmuş faktdır ki, astrologiya elmi vasitəsilə ulduzların hərəkət trayektoriyasına, planetlərin düzülüşlərinə görə baş verə biləcək hadisələrin ümumi mənzərəsini öncədən təxmin etmək mümkündür.
Bu gündən etibarən Günəş əqrəb bürcündə hərəkət etməyə, bir sıra planetlər isə yerdəyişmələrə başlayıb. "Qaynarinfo” bütün bunların dünyamıza, insanların həyatına necə təsir edəcəyini öyrənmək məqsədilə tanınmış astroloq Səbuhi Rəhimliyə müraciət edib.
- Hazırda kosmik fəzada hansı dəyişikliklər baş verir və biz gündəlik həyatımızda bunu nə dərəcədə hiss edəcəyik?
- Makro-kosmosla (kainat) mikro-kosmosun (insan) bir-biri ilə mütləq bağlılığı var. Əgər kiçik Ayın hərəkətinə müvafiq olaraq təbiətdə və orqanizmimizdə dəyişikliklər baş verirsə, sinir sistemimizdə təzadlar yaranırsa, Saturnun, Yupiterin, Marsın və digər nəhəng kosmik obyektlərin təsirini danmaq məntiqə sığmır. Ümumiyyətlə, planetar quruluşun dəyişikliyə uğraması bəzən kəskin, bəzən də nisbi dəyişikliklərə mütləq yol açır. Məsələn, oktyabrın 23-dən Günəş Əqrəb bürcünə daxil olub, sadə dillə desək, Əqrəb bürcü başlayıb. Bəlkə də insanlar buna adi yanaşır, uzağı məlum Zodiak işarəsi altında doğulanlar özlərini qürurlu aparırlar. Lakin bürclərin yerdəyişməsi zamanı baş verənləri tədqiq edəndə görürük ki, kəskin fərqlər olur, necə ki, yola saldığımız Tərəzi bürcü ilə Əqrəb bürcünün insanlarında böyük xarakterik fərq var. Yadda saxlayaq ki, Günəş Əqrəb bürcündə olanda insanlarda qəti qərar vermək cəsarəti yaranır, emosionallıq artır, haqsızlığa qarşı vəhdətə yol açılır. Bu dövrdə insanların risk əmsalı artır, uzun müddət gizli qalan mühüm sirrlər faş olur, bəzən situasiyalar nəzarətdən çıxır. Təsadüfi deyil ki, tarixdə baş verən inqilab və çevrilişlərin, üsyan və tətillərin az qala yarısı "Əqrəb dövrünə” (23 oktyabr-22 noyabr) düşür. Lakin bu Zodiakın hər dərəcəsində, yəni hər sutkasında da özünəməxsus sirrlər yatır. Məsələn, "Əqrəb"in elə günləri var ki, üsyan qanla yatızdırıla bilər, elə günləri də var ki, narazı elektoratın aksiyası itkisiz şəkildə hədəfə yetişər. Bunun üçün astroloqların əməyindən yararlanırlar. Yeri gəlmişkən, Azərbaycan da astro-coğrafi baxımdan Əqrəb bürcü altında bərqərardır.
- Ötən günlərdən birində Günəşdən öncə Yupiterin də Əqrəb bürcünə daxil olması haqqında məlumat vermişdiniz. Yupiter və Əqrəb birləşməsinin hansı təsirlərini müşahidə edəcəyik?
- Astrologiyada Yupiteri pul, bank, sığorta və maliyyə ilə əlaqələndirirlər, antik dövrdə onu "Böyük Xoşbəxtlik planeti” adlandırıblar. Yupiterin Əqrəbdə qərar tutması dünyada baş verən ictimai və hərbi qarşıdurmaların danışıqlar yoluna keçidini tənzimləyir. Gördüyünüz kimi bu, artıq baş verməkdədir: istər İraqdan torpaq qoparmağa çalışan Kürd "dövləti”, istərsə də İspaniyadan ayrılmağa çalışan Kataloniya emosiya və təhdidlərini sükut güşəsinə çəkiblər. Lakin belə məqamlarda maliyyə böhranı bir az da dərinləşir, ən qorxulusu da mütərəqqi ideyalı ictimai-siyasi xadimlərə qarşı sui-qəsdlər artır. Onu da qeyd edim ki, Yupiter Əqrəb bürcünü 2020-ci ildə tərk edəcək.
- Bir digər astroloji yerdəyişmə prosesinin Mars planetində baş verdiyini bildirmisiniz. Odlu-alovlu Marsın hansı təsirlərini hiss edəcəyik?
- Hərb, emosiya və ehtiras planeti kimi rəmzləşdirilən Marsın romantik və yaradıcı, bir az da astagəl xarakterə malik Tərəzi bürcündə olması insanlarda ehtiyat variantların yaranmasına, hadisə və proseslərə paralel olaraq bir neçə yöndən yanaşmasına, iştirak etməsinə zəmin yaradacaq. Məlum astronomik mənzərə fərdlərdə məsuliyyət yaradacaq, insanların hadisələrdə fəal iştirakını təmin edəcək. Üstəlik, əhəmiyyətli dostluqların yaranmasına, uzunmüddətli səmərəli müqavilələrin bağlanmasına, böyük məbləğdə gəlir gətirə bilən layihələrə başlamağa təkan verəcək.
- Tərəzi bürcünün nümayəndələri bu bürcün Mars planetinin himayəsində olmasının nə kimi mənfi və ya müsbət tərəflərini görəcəklər?
- Qırmızı planet Tərəzidə neytral mövqedədir. Buna görə də tərəzi bürcləri bundan o qədər də təsirlənməyəcək. Bu kosmik situasiya olsa-olsa Tərəzidə bədən möhkəmliyi, uğurlu müalicə, iş potensialına qismən dirilik gətirə bilər.
Nərmin Həsənli
Qaynarinfo.Az