Qazaxıstanda biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlı iş adamı, hazırda Azərbaycandan çıxışına yasaq qoyulan Sakin Ağayevin Pirallahı rayon Məhkəməsi ilə bağlı şikayəti haqqında bir neçə gün əvvəl ətraflı yazmışdıq.
Qaynarinfo.az portalında dərc olunan şikayətdə bildirlirdi ki, S.Ağayev həyat yoldaşı Vüsalə Rəhimli ilə birgə bir zamanlar iş ortaqları olmuş İbrahimov Fikrət Vəli oğlunun böhtanına və dələduzluğuna məruz qalıb, məhkəmə də buna hüquqi don geyindirməyə çalışıb.
Şikayətçinin sözlərinə görə, Qazaxıstanda təsis etdiyi müəssisənin təsis payının əvvəlcə 50%-ni, daha sonra isə qalan 50 faizini 2014-cü ilin iyunun 14-də Fikrət İbrahimova müqavilə əsasında 1 milyon 250 min dollara satıb. Müqaviləyə görə, F.İbrahimov iyun ayının axırına kimi borcunu ödəməli idi. Daha sonra F.İbrahimov şirkəti üçüncü şəxsə satıb. Yalnız 2015-ci ildə öz borcundan 698 min dolları S.Ağayevə ödəyib. Yerdə qalan 550 min dollar borcunu isə ödəməyib. Məsələ ilə bağlı tərəflərin iştirakı ilə Qazaxıstan respublikasında məhkəmə prosesi keçirilib və F.İbrahimovun S.Ağayevə borclu olması barədə məhkəmə qərarı qəbul olunub. Qərarla
BURADAN tanış ola bilərsiniz.
Dələduzluğun qurbanı olan iş adamı Sakin Ağayev
Amma məhkəmə qərarını yerinə yetirmək istəməyən F.İbrahomov borcundan yayınaraq Azərbaycana gəlib. Daha sonra isə Pirallahı rayon məhkəməsində mülki iddia qaldırıb. Prallahı rayon məhkəməsində hakim Əkrəm Sabir oğlu Qəhrəmanovun sədrliyi ilə birtərəfli qaydada, prosedur qaydaların kobud şəkildə pozulması ilə məhkəmə keçirilib. Qarşı tərəfin iştirakı təmin olunmadan keçirilən məhkəmədə yalnız iddiaçının imzalayıb-möhürlədiyi, qarşı tərəfin imzası, möhürü olmayan hansısa kağızı hüquqi müqavilə kimi əsas götürərək, absurd qətnamə qəbul edib. 2(094)-396 /2017 nömrəli, 26.07.18-ci il tarixli qətnaməyə görə, nəinki F.İbrahimov borclu deyilmiş, əksinə, S.Ağayev və yaxınları F.İbrahimova 698000 ABŞ dollar vəsait ödəməliymişlər.
Məhkəmənin hansı şəraitdə və hansı hüquq pozuntuları ilə keçirilməsi barədə ötən yazımızda ətraflı yazmışdıq. Yazı ilə
BURADAN tanış ola bilərsiniz.
Hüquqularının kobud şəkildə pozulduğunu və dələduzluğa məruz qaldığını bildirən S.Ağayev Piarallahı rayon Məhkəməsinin məhkəmə qərarından qanunvericiliyə uyğun səkildə apellyasiya şikayəti verib.
S.Ağayev bildirir: "Lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (hakimlər E.Q.Nəbiyev (sədirlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.N.İmanov) maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət olunan qətnamə çıxarmış və 29 yanvar 2018-ci il tarixdə həmin qətnamə ilə Pirallahı rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır"- deyə .
"Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Buna baxmayaraq Bakı şəhər Apellyasiya Məhkəməsi qanunun bu tələblərinə riayət etməmiş, həqiqətin aşkara çıxarılması, iş materiallarında olan sübutların tədqiqi, iş materiallarında olan ziddiyyətlərin aradan qaldırılması məqsədilə, o cümlədən cavabdeh şəxslərin izahatlarının alınması istiqamətində heç bir hərəkət etməmiş, qanunsuz və əsassız olan Pirallahı rayon Məhkəməsinin qərarını qüvvədə saxlamışdır" - S.Ağayev bildirir.
Daha sonra iş adamı Qazaxstan məhkəməsinin qətnaməsinin tanınması və Pirallahı rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün qanunvericiliyə uyğun şəkildə Azərbancan Ali Məhkəməsinə müraciət edir. Lakin Ali Məhkəmə də 13 ilyul 2018-ci il tarixli qərarında birinci intansiya məhkəməsinin qərarını qüvvədə saxlayır.
Aşağıda sizə təqdim etdiyimiz və bütün məhkəmə instansiyalarının hüquqi sənəd kimi qəbul etdiyi dırnaqarası müqavilənin imzalanmış hissələrinə diqqət edin:
Göründüyü kimi adi qaydada çap olunmuş, yalnız bir tərəfin imzaladığı - heç bir qarşılıqlı öhdəliyi özündə ehtiva etməyən bir kağız parçasına məhkəmənin hüquqi sənəd donu geyindirməsinə nə ad vermək olar? Görəsən belə bir sehirli çubuğu Pirallahı rayon məhkəməsinin hakimi Əkrəm Qəhrəmanov özü kəşf edib, yoxsa ona təzyiq olunub?
Onu da qeyd edək ki, Sakin Ağayev və həyat yoldaşı Vüsalə Rəhimli Qazaxıstan Respublikasında biznes fəaliyyəti ilə məşğul olurlar. Fəaliyyətimiz dövründə qanunlara hörmətlə yanaşmış, dövlət səviyyəsində müraciət olunan bütün işlərdə daim Azərbaycan Respublikasının mənafeyini əsas tutmuş, problemlərin həllində Azərbaycan diasporasının fəal üzvləri kimi köməklərini əsirgəməmişlər.
Lakin Azərbaycanda bütün məhkəmə instansiyalarında bu ailənin hüquqları kobud şəkildə pozulub. Hazırda ailənin Avropa Məhkəməsinə müraciət etməkdən başqa çarəsi qalmayıb. Açıq-aşkar hüquq pozuntularıyla müşyiət olunan məhkəmə prosesləri ilə bağlı Avropa Məhkəməsinin hansı qərar verəcəyini bəribaşdan təxmin etmək çətin deyil. Bu halda cərimələrin Azərbaycan dövlətinə kəsiləcəyi də sirr deyil. Nəticədə kimlərinsə fərdi maraqlarına görə Azərbaycan dövlətinin və onun məhkəmə sisteminin nüfuzuna xələl gəlmiş olacaq.
(ARDI VAR)
Aydın
Qaynarinfo.Az