
Təbrizin İran parlamentindəki millət vəkili Məhəmməd Hüseyn Fərhəngi Təbriz-Məşhəd qatarında baş verən qəzadan 9 ay keçməsinə baxmayaraq hələ də hadisə ilə bağlı hesabatın açıqlanmamasına etiraz edib.
"Qaynarinfo" "GünAz TV"yə istinadən xəbər verir ki, bu barədə millət vəkilinin ofisindən açıqlama verilib.
"Avqustun 30-da M.Fərhəngi Tehranda “Plasko” Ticarət Mərkəzinin yanğından sonra çökməsi ilə bağlı hesabat açıqlandıqdan sonra hökumətin ayrı-seçkilik siyasətinə etiraz edib. “Kaş ki, başqa hadisələrlə bağlı da geniş hesabat verilsəydi. Təbriz-Məşhəd qatarındakı qəza ilə bağlı bağlı parlamentdə ilkin hesabat oxundu, yekun hesabatın isə daha sonra təqdim olunacağına söz verildi. Lakin parlamentin abadlaşdırma komissiyası bu günə qədər qatar hadisəsi ilə bağlı yekun hesabatı təqdim etməyib”- deyə o bildirib.
Millət vəkili daha sonra deyib: "Kaş ki, dövlət Təbriz-Məşhəd qatarı hadisəsinə də “Plasko” hadisəsi kimi diqqət yetirsəydi. Bu hadisədə ölənlərin sayı “Plasko” hadisəsində ölənlərdən 3 dəfə çox olub, ona görə də bunun acısı Təbriz əhalisinin yaddaşında yaşayacaq".
Qeyd edək ki, 2016-cı il noyabrın 25-də Təbriz-Məşhəd qatarı İranın Siman vilayətində ağır qəzaya düşüb. İran dövlət dəmir yolları idarəsinin diqqətsizliyi nəticəsində baş verdiyi deyilən qəzada 48 soydaşımız həlak olub. Bu günə qədər hadisənin təfərrüatı və ona səbəb olanların kimliyi açıqlanmayıb.
Təbriz-Məşhəd qatarında xəsarət alanların nümayəndəsi Şəhram Purəziz isə ötən aylarda bildirmişdi ki, hadisədə həlak olanların ailəsinə 2017-ci il aprelin 6-dək heç bir kompensasiya ödənilməyib.
Qaynarinfo.Az