
Rusiyanın Perm şəhərində ötən ilin 8-15 noyabr tarixlərində Perm vilayətinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə PERMM muzeyində “Şəkər dağları, neft sahilləri” adlı sərgi təşkil olunub.
Qaynar.info pahoo.az-a istinadən xəbər verir ki, sərgidən sonra Perm prokurorluğu PERMM muzeyində azərbaycanlı rəssam Vüsal Rəhimin nümayiş etdirdiyi gəlinciklərlə bağlı araşdırmaya başlayıb. Bu gəlincik kolleksiyası olduqca böyük söz-söhbətlərə səbəb olub.
Buna səbəb sərgi izləyicilərinin həmin gəlinciklərlə bağlı şikayət etməsi olub. Permlilərin fikrincə, göstərilən bəzi gəlinciklər “zorakılığı, seksual və mənəvi əxlaqsızlığı, pedofilliyi, uşaq pornoqrafiyasını təbliğ edir, cəmiyyətin və dövlətin əxlaqi dayaqlarını dağıdır”.
PERMM muzeyində azərbaycanlı rəssam Vüsal Rəhimin nümayiş etdirdiyi gəlinciklərdən ibarət ekspozisiyada qanun pozuntusu aşkar olunmayıb. ANS PRESS-in məlumatına görə, ötən ilin noyabr ayında “Şəkər dağları, neft sahilləri” adlı sərgidə nümayiş olunan ekspozisiya ilə bağlı Motovilinsk rayon polis şöbəsinin apardığı araşdırmalar başa çatıb. Sərgidə Vüsal Rəhimin nümayiş etdirdiyi gəlincik ekspozisiyasının araşdırılması üçün sənətşünas Aleksey Boykaya müraciət edilib. O, gəlincik ekspozisiyasında əxlaqsızlıq əlamətlərinin olmadığını vurğulayıb.
Sərginin kuratoru Fərhad Fərzəliyev və PERMM muzeyinin art-direktoru Nailə Allahverdiyevanın fikrincə, sərgi uşaqların əxlaqına mənfi təsir göstərməyib. Hətta şagirdlər özləri polisə bildiriblər ki, onlara muzeydə maraqlı olub. Motovilinsk rayon polis şöbəsi sözügedən ekspozisiyanın müəllifi Vüsal Rəhimin özündən isə mövqe ala bilməyib. Buna səbəb onun rus dilini bilməməsidir. Nəticədə polis rəssam haqqında cinayət işinin başlamasını rədd edib.
Sərgi başa çatsa da, valideynlər şikayətlərində israr ediblər. Onlar əllərindəki fotoşəkilləri və broşürləri prokurorluğa təqdim edərək övladlarını bu cür tədbirlərdən qorumağı tələb ediblər. 7-15 noyabrda muzey ziyarətçiləri arasında olan uşaqların valideynləri petisiya yaradıblar.
Qaynar.info





