
Erməni tələbələr dərsə "erməni soyqırımı"nı təbliğ edən paltarlarda gəliblər.
Aprelin 17-də Tbilisidə Gürcüstan İctimai İşlər İnstitutunda (GİPA) erməni və azərbaycanlı tələbələr arasında narazılıq yaşanıb. Bu barədə məlumatı hazırda Tbilisidə yaşayan jurnalist Əfqan Muxtarlı öz facebook səhifəsində yayıb. Onun sözlərinə görə, GİPA-da oxuyan ermənilər dərsə "erməni soyqırımı"nı təbliğ edən paltarlarda gəliblər. Azərbaycanlı tələbələr isə dərsə girməkdən imtina ediblər. Xeyli gərginlik yaşanıb: "Və bu gərginlik 1 il davam edəcəyi şübhəsizdir. Cünki bu gənclər 1 il bir yerdə oxumalıdırlar və onların arasında hansısa səmimi münasibətlərin yaranacağı nağıl söhbətdir".
Faktı Meydan TV-yə GİPA-da təhsil alan azərbaycanlı tələbələr də təsdiqləyiblər. Onların sözlərinə görə, məsələ ilə bağlı institut rəhbərliyinə şikayət edilib, tələbələrin GİPA-da təhsil almasına şərait yaradan ABŞ-ınAzərbaycandakı səfirliyinə məlumat verilib. Ancaq hələlik heç bir ölçü götürülməyib: "Erməni tələbələr hələ də həmin köynəkdə gəzirlər. Ona görə də biz dərsə girmirik".
Amerika səfirliyinin əməkdaşı, layihənin koordinatoru Gülçin Seyidova Meydan TV-yə bildirib ki, azərbaycanlı tələbələrin məsələ ilə bağlı şikayəti artıq səfirliyə daxil olub. Gün ərzində GİPA rəhbərliyi ilə danışıq aparılıb, nəticəsi barədə məlumat veriləcək.
Hələlik institut rəhbərliyi hadisə ilə bağlı sorğunu cavablandırmır.
Qaynar.info