Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsinin "TV4” teleradio şirkəti yayımını bir neçə günlük dayandırıb.
"Report”un Gürcüstan bürosu xəbər verir ki, buna səbəb olaraq şirkətin redaksiya siyasətinə müdaxilə göstərilir.
"TV4” teleradio şirkəti müdaxilənin kim tərəfindən həyata keçirildiyini açıqlamayıb: "Müəyyən qüvvələr teleradio şirkətinin fəaliyyətinin dayandırılması və bölgə əhalisini informasiyasız qoymağa çalışırlar. Bu gün "TV4”ün fəaliyyətinin əsas prinsipi təhlükədədir. Biz kanalın redaksiya və kadr siyasətinə bəzi qüvvələrin müdaxilə etmək istəyinin qarşısını almışıq”.
Şirkətdən bildirilib ki, televiziya və radionun fəaliyyətinə müdaxilə ilə bağlı fakt bir neçə dəfə qeydə alınsa da, yayım dayandırılmayıb: "Yayımı müvəqqəti dayandırmaqla biz bölgəni televiziya və radiosuz qoymağa çalışan insanlara etirazımızı bildiririk”.
Qeyd edək ki, Kvemo Kartli bölgəsinin teleradio şirkəti 1998-ci ildən etibarən fəaliyyət göstərir. Şirkətin "TV4” televiziya kanalında həftədə 5 gün olmaqla Azərbaycan dilində də xəbərlər proqramı yayımlanır.