Xəbər lenti

Azercell-in gənc istedadlara dəstəyi beynəlxalq uğurlarla nəticələnir
Ekonomiks 15:09 31.07.2026

Azercell-in gənc istedadlara dəstəyi beynəlxalq uğurlarla nəticələnir

Komandamız Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında 3 medal qazandı

24–30 iyul 2026-cı il tarixlərində Litvanın Kaunas şəhərində keçirilən Yeniyetmələrin 10-cu Avropa İnformatika Olimpiadasında (EJOI 2026) Azərbaycan məktəbliləri uğurlu nəticə əldə ediblər.

25 ölkədən 100 şagirdin iştirak etdiyi beynəlxalq yarışda Azərbaycan komandasının üzvləri yüksək nəticə göstərərək 3 bürünc medal qazanıblar. Medallara Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Tuncay Paşayev, Bakı şəhəri Kimya, biologiya təmayüllü liseyin 9-cu sinif şagirdi Mahmud İsalı və Göyçay şəhəri 3 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Vaqif Abdullayev layiq görülüblər.

Qeyd edək ki, Azərbaycan məktəbliləri Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında 2017-ci ildən etibarən iştirak edir. Bu müddət ərzində komandamız 4 gümüş və 14 bürünc medal qazanıb.

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telekom” MMC və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində həyata keçirilir. Təşəbbüs şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların beynəlxalq yarışlara hazırlanması və ölkənin texnoloji potensialının gücləndirilməsi məqsədi daşıyır.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->