
Nazir TeliaSoneranın prezidenti ilə görüşdüTeliaSonera Azərbaycanda informasiya texnologiyalarının inkişafına bundan sonra da sərmayə qoymaqda davam edəcək
14 mart 2013-cü il tarixində “Azercell Telekom” MMC-nin əsas səhmdarı olan TeliaSonera şirkətlər qrupunun prezidenti Per-Arne Blomquist və TeliaSonera-nın Avrasiya biznes dairəsinin prezidenti Veysel Aral Bakıda səfərdə olublar. Azercell-in ev sahibliyi ilə keçən səfər zamanı qonaqlar rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşüblər.
Görüş zamanı cənab P. Blomquist bildirib ki, TeliaSonera daim yenilikci ideyalar tətbiq edərək telekommunikasiya sektorunda önə çıxmağı bacarıb. Azərbaycanda Azercell şirkəti tərəfindən təmsil olunan TeliaSonera ölkədə informasiya texnologiyalarının inkişafına sərmayə yatırmaqda bundan sonra da davam edəcəkdir.
TeliaSonera prezidenti Azercell-i “Avrasiya regionunda ən böyük və əhəmiyyətli şirkətlərdən biri” kimi dəyərləndirib. Görüş zamanı qonaqlar TeliaSonera-nın Azərbaycanda yüksək səviyyəli xidmət göstərməkdə davam edəcəyini qeyd ediblər.
Nazir Ə. Abbasov “Azercell”in fəaliyyətini yüksək qiymətləndirərək bu şirkətin adının həmişə ən son və yüksək texnologiyalarla bağlı olduğunu bildirib. Nazirliklə “Azercell” arasında səmərəli işbirliyinin qurulduğunu qeyd edən nazir, gələcəkdə daha geniş sahələrdə əməkdaşlıq imkanlarının olduğunu qeyd edib.
Per-Arne Blomquist bu ilin fevralından TeliaSonera şirkətinin prezidenti və baş icraçı direktoru vəzifəsini icra edir. Telekommunikasiya sahəsində karyerasına 1989-cu ildən başlayan cənab Blomquist 2008-ci ildən etibarən TeliaSonera-nın maliyyə direktoru olmuş, bundan əvvəl isə şirkətin müxtəlif təsisatlarında işləmişdir.
Əsası 1850-ci ildə qoyulan TeliaSonera-nın hazırda dünya üzrə 183 milyon abunəçisi var. 28 minə yaxın əməkdaşı olan şirkət indi Avrasiyanın telekommunikasiya sahəsində ən böyük sərmayədar hesab olunur. TeliaSonera Baltik regionundan tutmuş Avrasiya məkanına kimi bir çox ölkələrdə, o cümlədən Rusiya, Türkiyə, İspaniya və Nepalda fəaliyyət göstərən bir holdinqdir. Şirkətin məqsədi müştərilərə ən yüksək keyfiyyətli xidmət göstərməklə bu ölkələrin bazarında ən cəlbedici brend olmaqdır.
Qaynar.info