Əməkdar artist Azərinin “Facebook” sosial şəbəkəsində paylaşdığı şəkillər böyük maraqla qarşılanıb
"Qafqazinfo”nun məlumatına görə, prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı qardaş ölkə tərəfindən təşkil olunan tədbir və ziyafət mərasiminə ictimai siyasi xadimlər, rəsmi şəxslərlə yanaşı Azərbaycanın əməkdar artisti Azərin də dəvət olunub.
Müğənni bu tədbirdən olan fotoşəkillərini sosial şəbəkədə paylaşsa da, bu barədə mətbuata məlumat verməyib. Sənətçinin mətbuat katibi Tahirə Məmmədqızı açıqlamasında bildirib ki, Azərin bu görüşdə yeganə iştirak edən sənətçi olub:
“Bu tarixi görüş, orada baş tutan ziyafət məclisi, dəvət olunan qonaqlar barədə istər Türkiyə mətbuatı, istərsə də Azərbaycan mediası kifayət qədər məlumat verib. Azərin xanım iki ölkənin prezidentləri ilə görüşü zamanı çəkilən fotoşəkillərini sosial şəbəkədə paylaşıb. Heç kimə sirr deyil ki, sənətçi Türkiyədə fəaliyyəti dövründə də konsertləri, proqramlarda olan çıxışları, ictimai xadimlərlə olan görüşlərini əks etdirən fotoşəkillərini, videogörüntülərini paylaşır. Sadəcə bu dəfə paylaşdığı fotoşəkillər həqiqətən daha böyük maraqla izlənib. Azərin xanım Türkiyə ilə Azərbaycan dövləti tərəfindən birgə təşkil olunan bütün tədbirlərdə də demək olar ki, iştirak edir. Belə bir mötəbər, tarixi görüşə dəvət olunduğu üçün də şərəf duyduğunu bildirir. Başqa nə deyə bilərəm. Həmin görüşdə dövlət başçıları ilə yanaşı hər iki ölkənin nazirləri, ictimai siyasi xadimləri, ziyalıları ilə yanaşı Azərbaycanın əməkdar artistinin də dəvət olunması müğənnimiz üçün xüsusi əhəmiyyət daşıyır, üzərinə daha böyük məsuliyyət qoyur”.