Dünəndən etibarən ölkədə hava şəraiti kəskin şəkildə dəyişib. Xüsusən də dağlıq rayonlarda şaxtalı hava müşahidə olunur.
Qaynarinfo-nun "Azəriqaz”a istinadən verdiyi məlumata görə, bununla bağlı olaraq, birliyin bütün müvafiq strukturlarına lazımi tapşırıqlar verilib.
"Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları çalışır ki, heç yerdə qaz təchizatında dayandırma olmasın. Bəzi qısamüddətli fasilələr isə bizdən asılı olmayan qəza hallarından irəli gələrək baş verib. Ümumilikdə, şəbəkəyə qəbul olunan qazın həcmində də artım var. Təkcə fevral ayının 17-də əhali abonentləri üzrə 32 milyon kubmetrə yaxın qaz qəbulu olub. Ötən ilin eyni günü ilə müqayisədə artım 2,6 milyon kubmetrə bərabərdir. Deməli, təlabat var və bu da sonda sərfiyyatın artımı anlamına gəlir. Abonentlərimizi əvvəlcədən məlumatlandırmaq borcumuzdur.
Abonentlərin nəzərinə çatdırılır ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə, "Azəriqaz”ın sosial şəbəkə ünvanlarına mesajlarını göndərə bilərlər.